Azərbaycanda “Roblox” və “PubG” qadağan edilir?
Sosial
Azərbaycanda “Roblox” və “PubG” onlayn oyunlarının qadağan olunacağı ilə bağlı xəbərlər dolaşmaqdadır.
Mütəxəssislərin fikrincə, “PubG” oyunu uşaqlarda aqressiya və yuxu pozuntularına səbəb olur, “Roblox” platforması isə onların tanımadıqları yetkin şəxslərlə ünsiyyətə girməsi riskini artırır.
Bəs uşaqları bu yolla qorumaq mümkün olacaqmı?
News24.az xəbər verir ki, mövzu ilə bağlı İKT üzrə mütəxəssis Fərhad Mirəliyev bildirib ki, problemə sistemli yanaşma lazımdır.
Onun sözlərinə görə, əsas məsələ nəticələrin deyil, səbəblərin aradan qaldırılmasıdır:
“Bu cür oyunların yaradılması və onların üzərindən uşaqlara manipulyasiya edilməsi və digər məqsədlər - bunların hamısı nəticədir.
Uşaq necə olur ki, asudə vaxtını bu cür keçirə bilir? Uşaqların asudə vaxtının təşkili, onların rəqəmsal mühitdə necə davranmalı olduqları, hansı rəqəmsal platformaların təhlükəli, hansılarında isə vaxt keçirməyin mümkünlüyü ilə bağlı maarifləndirici işlər aparılmalıdır.
Bu işlər həm məktəblər tərəfindən, həm də cəmiyyət daxilində həyata keçirilməlidir. Burada əsas yük valideynlərin üzərinə düşür. Valideynlər rəqəmsal mühitdə övladlarının fəaliyyətini nəzarətdə saxlamalıdırlar.
Bu qadağa ilə bir sayt bağlanacaq, beşi açılacaq, beşi bağlanacaq, onu açılacaq. Yəni bu cür mübarizə üsulu effektiv deyil. Effektiv olan maarifləndirmə tədbirləridir”. (Bakupost.az)