Bank zəngləri etik sərhədi aşır: Niyə borcalan deyil, yaxınları narahat edilir?

Bank zəngləri etik sərhədi aşır: Niyə borcalan deyil, yaxınları narahat edilir? Sosial

Bankdan kredit götürən şəxslər müraciət zamanı öz əlaqə nömrələri ilə yanaşı, yaxınlarının da əlaqə vasitələrini təqdim edirlər. Bu nömrələr adətən yalnız borcalanla əlaqə yaratmaq mümkün olmadıqda istifadə edilməli hesab olunur. Lakin praktikada tez-tez ödəniş gecikdiyi hallarda borcalanın özündən çox onun yaxınları ilə əlaqə saxlanıldığı müşahidə edilir. Bu isə həm narahatlıq yaradır, həm də etik yanaşma baxımından suallar doğurur.

Belə vəziyyətdə əsas diqqətin birbaşa borcalana yönəldilməli olduğu halda davamlı olaraq üçüncü şəxslərlə əlaqə saxlanılması suallar doğurur.

Mövzu ilə bağlı News24.az-a açıqlama verən bank eksperti Əkrəm Həsənov bildirib ki, banklar kreditin geri qaytarılmasını təmin etmək məqsədilə göstərilən əlavə əlaqə nömrələri ilə əlaqə saxlamaq hüququna malikdirlər:

“Lakin bu nömrələrin sahibləri bundan xəbərsiz ola bilər və belə bir razılıq verməmiş ola bilərlər. Bu halda həmin şəxslər banka müraciət edərək onlarla əlaqə saxlanılmamasını tələb edə bilərlər, çünki kredit münasibətində tərəf deyillər.

Əgər buna baxmayaraq bank zəngləri davam etdirərsə, həmin şəxslər polisə şikayət edə və ya məhkəməyə müraciət edə bilərlər. Bu müraciətlər mənəvi zərərin ödənilməsi tələblərini də əhatə edə bilər”.