Bu ixtisaslara maraq kəskin artdı – Təhsil haqları açıqlandı

Bu ixtisaslara maraq kəskin artdı – Təhsil haqları açıqlandı Sosial

Ötən gün Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib ki, informasiya texnologiyaları ixtisaslarına sənəd verən abituriyentlərin sayı kifayət qədərdir. Bu isə son dövrlərdə abituriyentlərin kompüter elmləri və informasiya texnologiyaları sahəsinə marağının artdığını göstərir.

Mövzu ilə bağlı News24.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, ümumi imtahan verən abituriyentlərin sayına nəzər saldıqda, II qrup üzrə 28 min 526, III qrup üzrə 28 min 353, IV qrup üzrə isə 6 min 525 nəfər qeydiyyatdan keçib. Onun sözlərinə görə, I qrupda kompüteryönümlü alt qrupu seçən abituriyentlərin sayı isə təxminən 20 min nəfərə yaxındır:

“Lakin bu, hamının kompüter sahələrinə yönəldiyi anlamına gəlmir. Fərqli ixtisaslara üstünlük verən abituriyentlər də var.

Ümumilikdə hesab edirəm ki, abituriyentlər kompüter sahələrini seçərkən maraq və meyllərinə əsaslanırlar. Əmək bazarında informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi və proseslərin avtomatlaşdırılması mühəndisliyi kimi ixtisaslara tələbat yüksəkdir. Buna görə də müəyyən bir hissə məhz kompüter elmləri istiqamətində olan ixtisaslara maraq göstərir”.

Ekspert bəzi abituriyentlərin bal çatışmazlığı səbəbindən bu sahəyə yönəlməsi ilə bağlı fikirlərə də münasibət bildirib:

“Balların çatmamasına görə bu ixtisas qrupunun seçildiyi fikri ilə tam razı deyiləm. Çünki burada rəqabət və qəbul şərtləri fərqlidir. Bəzi ixtisaslar üçün minimum blok imtahan balı 100-dür və həmin ixtisasları seçmək üçün bu tələb ödənilməlidir. Ümumilikdə isə qəbul üçün təxminən 200 və daha yüksək bal tələb olunur. Lakin bütün abituriyentlər bu nəticəni əldə edə bilmir”.

Elçin Əfəndi qeyd edib ki, kompüter ixtisasları ölkənin əksər ali təhsil müəssisələrində tədris olunur və təhsil haqları regionlara görə dəyişir:

“Minimum təhsil haqqı bölgələrdə təxminən 1800 manatdır. Paytaxtda isə bəzi ixtisaslar üzrə bu rəqəm 6500 manata qədər yüksəlir. Məsələn, bəzi universitetlərdə illik təhsil haqqı 2500 manat civarındadır, texniki universitetlərdə isə bu göstərici təxminən 2200 manatdır”.

Ekspertin sözlərinə görə, bəzi ixtisaslar yalnız dövlət sifarişi əsasında, ödənişsiz şəkildə təklif olunur:

“Eyni zamanda elə universitetlər də var ki, qəbul yalnız dövlət sifarişi əsasında həyata keçirilir.

Kompüter ixtisasları üçün riyazi düşüncə və informatika bilikləri vacibdir. Bununla belə, bu sahəyə marağı olan və çalışan abituriyentlər də uğur qazana bilirlər”.

Kompüter elmləri və kompüter texnologiyaları ixtisaslarını tədris edən bir neçə universitetə illik təhsil haqqı ilə bağlı sorğu ünvanladıq.

Azərbaycan Texniki Universitetində kompüter elmləri və kompüter mühəndisliyi ixtisaslarının illik ödənişi 2200 manatdır.

Azərbaycan Memarlıq və İnşaat Universitetində isə kompüter elmləri və kompüter texnologiyaları ixtisaslarının illik təhsil haqqı 2200 manat təşkil edir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində adıçəkilən ixtisaslar üzrə illik ödəniş 2200-2700 manat arasında dəyişir.

Bakı Dövlət Universitetindən isə bildirilib ki, illik ödənişlər Nazirlər Kabineti tərəfindən hələ təsdiqlənmədiyi üçün konkret məbləğ açıqlana bilmir.

Dövlət İmtahan Mərkəzinin (DİM) News24.az-a verdiyi məlumata görə, hazırda kompüter elmləri və kompüter texnologiyaları ixtisaslarına Azərbaycan bölməsi üzrə 13 min 15, rus bölməsi üzrə isə 1523 nəfər sənəd verib.