Bu şərtlərlə müəllimlərin əməkhaqqında 35 faiz ARTIM OLACAQ
Sosial
Sertifikasiya prosesi müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi ilə yanaşı, onların əməkhaqqının artırılması baxımından da mühüm əhəmiyyət daşıyır. Son illərdə tətbiq edilən bu sistem fonunda yüksək nəticə göstərən müəllimlərin maaşlarında əhəmiyyətli artımlar müşahidə olunur. Bu da onların motivasiyasına və tədrisin keyfiyyətinə müsbət təsir edən amil kimi qiymətləndirilir. Eyni zamanda, prosesin mərhələli şəkildə həyata keçirilməsi və artıq yekunlaşma mərhələsinə çatması təhsil ictimaiyyətində yeni gözləntilər formalaşdırır.
Bəs sertifikasiyanın növbəti mərhələsi müəllimlərin əməkhaqqına və ümumilikdə fəaliyyətinə necə təsir edəcək?
Məsələ ilə bağlı News24.az-a açıqlama verən təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, sertifikasiya prosesində müvafiq olaraq əməkhaqqında artım baş verir:
"Əsasən, 51 bal və daha yüksək nəticə göstərənlər üçün əməkhaqqında 35% artım nəzərdə tutulur. 31 baldan 51 bala qədər nəticə göstərənlər üçün isə əməkhaqqında 10% artım tətbiq olunur. Bu artımlar yalnız sertifikasiya prosesinə cəlb olunan müəllimlər müvafiq müsabiqədə iştirak etdikləri halda qüvvəyə minir".
Ekspert həmçinin müəllimlərin MİQ imtahanı ilə bağlı olan məsələlərə də aydınlıq gətirib:
"MİQ imtahanında iştirak edən müəllimlərə gəldikdə isə, onlar qüvvədə olan qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş əməkhaqqını alırlar. Lakin həmin müəllimlər sonradan sertifikasiya prosesinə cəlb olunub müvafiq müsabiqə şərtlərini ödədikləri halda, yəni 51 və daha yüksək bal topladıqları təqdirdə, onların da əməkhaqqında 35% artım tətbiq edilir. 31 baldan 51 bala qədər nəticə göstərənlər üçün isə bu artım 10% təşkil edir.
Eyni qayda ilə faktiki çalışan və MİQ imtahanı vermədən birbaşa müsabiqədə iştirak edən müəllimlər də sertifikasiya prosesində uğur qazandıqları halda, əməkhaqqında müvafiq olaraq 35% və ya 10% artım əldə edirlər".
Onun sözlərinə görə, növbəti il sertifikasiya prosesi demək olar ki, yekunlaşacaq:
"Yəni təhsil verən bütün müəllimlərin tam şəkildə sertifikasiyadan keçməsinin son mərhələsidir. Bundan sonra isə ikinci mərhələ başlayacaq. Artıq bir dəfə imtahan vermiş müəllimlər yenidən sertifikasiya prosesinə cəlb olunacaqlar. Çünki bu proses hər beş ildən bir keçirilir.
Beləliklə, artıq bir dəfə sertifikasiyadan keçmiş müəllimlər növbəti ildən etibarən yenidən təkrar sertifikasiya prosesində iştirak edəcəklər", - deyə ekspert əlavə edib.