Bütün evlərdə var, artıq ləğv olunacaq: Mənzil sahiblərinin DİQQƏTİNƏ

Bütün evlərdə var, artıq ləğv olunacaq: Mənzil sahiblərinin DİQQƏTİNƏ Sosial

Mənzillərdə fərdi istilik sistemlərinin, yəni kombilərin istifadəsi ilə bağlı məhdudiyyətlər tətbiq olunacaq. Nazirlər Kabinetinin yeni qərarına əsasən, binalar layihələndirilərkən artıq hündürlük faktoru əsas götürüləcək. Yeni qaydalara görə, yalnız 5 mərtəbəyə qədər olan binalarda fərdi istilik sistemlərinə icazə veriləcək.

Maraqlıdır, yeni sistem necə tətbiq olunacaq?

Məsələ ilə bağlı News24.az-a danışan təhlükəsizlik eksperti Orxan Musayev bildirib ki, Nazirlər Kabinetinin yeni qərarı hündürmərtəbəli binalarda fərdi kombi sistemlərinin mərhələli şəkildə ləğvini nəzərdə tutur:

"Artıq yeni tikilən çoxmərtəbəli yaşayış binalarında hər mənzildə ayrıca qaz cihazının quraşdırılması dövrü başa çatır. Məsələyə texniki təhlükəsizlik baxımından yanaşdıqda, 12-16 mərtəbəli binada hər mənzildə qaz cihazının olması əslində hər mərtəbədə potensial partlayış və yanğın riski deməkdir. Yeni qərar isə bu riski fərdi mənzillərdən toplayaraq, binanın daxilindən kənarda yerləşən və kənar müdaxilədən qorunan vahid mərkəzi qazanxanada cəmləşdirməyi nəzərdə tutur".

Ekspert qeyd edib ki, dünya təcrübəsində, xüsusilə inkişaf etmiş ölkələrdə çoxdan hündür binaların daxilində kütləvi qaz cihazlarından istifadə edilmir:

"Buna səbəb yanğın təhlükəsizliyi, qaz sızması və dəm qazı zəhərlənməsi risklərinin yüksək olmasıdır. Mərkəzləşdirilmiş istilik sistemi isə bu baxımdan daha etibarlı hesab olunur. Yeni qaydalara əsasən, fərdi istilik sistemlərinə yalnız müəyyən hallarda icazə veriləcək. Yalnız bina 5 mərtəbədən aşağı olduqda, ərazidə qaz təchizatı olmadıqda və ya günəş enerjisi kimi bərpa olunan mənbələrdən istifadə edildikdə fərdi istilik sistemlərinə icazə veriləcək. Aşağı mərtəbəli binalarda fövqəladə hallara müdaxilə və insanların təxliyəsi daha asan olduğundan risklər də nisbətən az olur".

Ekspert həmçinin bildirib ki, hündür binalarda hər mənzildə yanma kamerasının olması ciddi təhlükə yaradır:

"Burada əsas problemlərdən biri də məsuliyyət məsələsidir. Çünki fərdi kombilərə müxtəlif səviyyədə qulluq edilir, bəzən qeyri-peşəkar şəxslər tərəfindən təmir olunur ki, bu da qaz sızması və dəm qazı zəhərlənməsi hallarına səbəb ola bilər. Hətta bir mənzildə baş verən səhlənkarlıq bütün binanı risk altına sala bilər. Mərkəzi sistemlərdə isə bütün texniki xidmət sertifikatlı mütəxəssislər tərəfindən həyata keçirilir. Bu sistemlər sensorlar və avtomatik söndürmə mexanizmləri ilə təchiz olunduğundan qaz sızması halında dərhal reaksiya verilir və təhlükə mərkəzləşdirilmiş şəkildə aradan qaldırılır. Bu isə kütləvi qəzaların qarşısının alınmasında mühüm rol oynayır".

Orxan Musayev onu da qeyd edib ki, qərar qüvvəyə mindikdən sonra tikiləcək binalara şamil olunacaq.

"Qərar təbii ki, qüvvəyə mindikdən sonra tikiləcək binalara şamil olunacaq. Əvvələr tikilən çoxmərtəbəli binalarda olan kombi sistemlərinin taleyi bilinmir".

Bəs bu vaxtadək tikilən binalardakı kombi sistemi ləğv olunacaq?

Məsələ ilə bağlı Energetika Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, yeni dəyişikliklər qüvvəyə mindikdən sonra bu mövzuya baxılacaq:

"Qanun layihəsindəki dəyişiklik yalnız həmin qanun qüvvəyə mindikdən sonra layihələndirilən və tikilən 5 və daha çox mərtəbəli binalarda mərkəzi istilik sistemindən istifadəni nəzərdə tutur. Qanun qüvvəyə minənə qədər tikilmiş binalarda quraşdırılmış fərdi istilik sistemləri ilə bağlı qadağa yoxdur".