"Doyunca yatsam da, yorğunluğum çıxmır"
Sosial
“Hər gün yorğun oyanıram. Sanki gecə yatmışam, amma bədənim istirahət etməyib. İşlər bitmir: masa üzərində sənədlər, mesajlar, telefon zəngləri… Hər birinin öz tələbi, öz vaxtı var. Elə bil iş yükü bir tərəfdən dağ kimi üstünə yığılır.
Gün ərzində nə qədər çalışsam da, saatlar keçdikcə enerjim tükənir, başım ağırlaşır. Evə gəlib dincəlmək istəsəm belə, beynim işdən ayrılmır.
Bəzən sadəcə oturub nəfəs almaq, heç nə etməmək istəyirəm. Amma yeni tapşırıqlar, layihələr və öhdəliklər məni yenidən hərəkətə gətirir. Artıq hər gün yorğun olmaq adi hala çevrilib. Bəzən hətta hansı işin daha vacib olduğunu ayırd etməkdə çətinlik çəkirəm”.
Bu fikri işdən evə qayıdarkən təsadüfən tanış olduğum biri söhbət zamanı səsləndirdi. Son vaxtlar bu cür şikayətləri tək ondan deyil, ətrafımdakı bir çox insandan eşidirəm: “Günün yorğunluğu bitmək bilmir. Dincəlsəm belə, yenə də özümü yorğun hiss edirəm”.
Maraqlıdır, yorğunluğumuz niyə keçmir? Niyə hamı iş yükündən şikayət edir? Yorğunluğun aradan qalxmamasına səbəb həqiqətənmi işin çoxluğudur?
Bu barədə News24.az-a danışan sosioloq Lalə Mehralı bildirib ki, insanı iş yox, mühit yorur:
“İnsanı meqapolis həyatı, bitib-tükənməyən tıxaclar, ağır hava və oksigensiz atmosfer yorur. Lift, kondisioner, mobil telefon, havalandırma sistemləri, “fast-food” qidalar — bir sözlə, həyatımızı asanlaşdırdığını düşündüyümüz texnologiya və vərdişlər əslində sağlamlığımızı və gümrahlığımızı əlimizdən alır. Bu yorğunluğu yaradan fizioloji və psixoloji tənbəllik, oturaq həyat tərzidir”.
Sosioloqun sözlərinə görə, hər gün eyni marşrutla işə gedib tıxaclarda saatlarla qalmaq, işdə monoton tapşırıqları yerinə yetirmək və axşam yenidən eyni yolu qət etmək bir çox insanda gərginliyə səbəb olur:
“Həyatımız sanki əvvəlcədən yazılmış ssenaridir. Rejimdən çıxa bilmirik, çünki bu, işlərimizi alt-üst edə bilər. Bu cür həyat tərzi keçirən insanın özünü əzgin və yorğun hiss etməsi təbiidir.
Əvvəllər pilləkənlə qalxırdıq, indi isə bir mərtəbə üçün belə liftə minirik. Hətta şəxsi evini 2–3 mərtəbəli tikdirib içinə lift quraşdıranlar da var. İş yerlərində, yeraltı və yerüstü keçidlərdə də insanlar eskalatordan imtina edib pilləkəndən istifadə etmir. Hərəkət minimum səviyyədədir. Az hərəkət edən, oturaq həyat tərzi keçirən insanın gümrah olması mümkündürmü?
Əgər işi çox olmaq insanı yorurduysa, kənddə, sahədə, bağda-bostanda çalışanlar bizdən daha çox yorulmalı idilər. Amma onlar daha gümrahdır, çünki mühit, hava və su təmizdir, tıxac, səs və hava çirkliliyi yoxdur, fiziki əmək sağlamlığı qoruyur. Deməli, məsələ çox işləməkdə deyil, harada işləməkdədir”.
Həkim-terapevt Günay Musayeva bildirib ki, son illərdə xəstələrin çoxundan “yatıram, amma sanki dincəlməmişəm” ifadəsini eşitmək adi hal alıb:
“Burada problem təkcə yuxu azlığında deyil, həm də bədənin və beynin bərpa mexanizmlərinin pozulmasındadır. İnsan orqanizmi yalnız yuxu zamanı deyil, eyni zamanda emosional və neyrohumoral balansda da dincəlir.
Gün boyu davam edən stress, informasiya axını, sosial mediada fasiləsiz müqayisə, narahatlıq və qeyri-sabit həyat ritmi kortizol hormonunun səviyyəsini yüksək saxlayır. Yüksək kortizol isə, nə qədər yatırsınızsa-yatın, hüceyrələrin dincəlmək siqnalını bloklayır. Nəticədə bədən yatır, amma sinir sistemi hələ də “döyüş rejimində” qalır”.
Terapevtin sözlərinə görə, müasir insanın yorğunluğu əsasən fiziki deyil, zehni və emosional yüklənmədən qaynaqlanır:
“Gün ərzində bədən deyil, beyin işləyir. Planlar, qərarlar, məsuliyyətlər və daim “yetişməliyəm, çatmalıyam” düşüncəsi beyni tükəndirir. Bədən hərəkətsiz olsa da, beyin fasiləsiz aktiv qalır və nəticədə real istirahət baş vermir.
Yorğunluğun digər səbəbləri arasında mikronutrient çatışmazlığı da var. D vitamini, B qrup vitaminləri, dəmir və maqneziumun azalması sinir sistemi və əzələlərin bərpasını ləngidir. Xüsusilə qadınlarda doğuşdan sonrakı dövrdə və stresli həyat tərzi fonunda bu çatışmazlıqlar daha kəskin hiss olunur.
Bəzən emosional yüklənməni bədən yorğunluğu kimi yaşayırıq, halbuki bu, psixosomatik yorğunluqdur. İnsan bədəninin enerji sistemi duyğularla sıx bağlıdır. Uzunmüddətli narazılıq, sıxıntı və daxili gərginlik əzələlərdə ağrı və ağırlıq hissi kimi təzahür edir.
Əsl istirahət sadəcə yatmaq deyil. O, emosional rahatlıq, təbiətlə təmas, sakit düşünmək və beyni “susdurmaq” bacarığı ilə mümkündür. Gün ərzində bir neçə dəfə dərin nəfəs məşqləri, sosial mediadan fasilə, sakit gəzinti və ya sevdiyimiz musiqi vasitəsilə bədənimizə “təhlükə yoxdur” mesajı verməliyik. Bu siqnal olmadıqda yorğunluq xroniki hala keçir. Yəni insanı yorğan iş deyil, həyat tərzinin tempidir. Dincəlmək üçün isə düşüncə rejimimizi dəyişməliyik”.
Psixoloq Pərvanə Əliyevanın fikrincə, yorğunluq iki əsas səbəbdən - fizioloji (bədən) və psixoloji (emosional və zehni) yaranır:
“Fizioloji yorğunluq zamanı bədən real enerji itkisinə məruz qalır. Bu, uzun iş saatları, az yuxu, hərəkətsizlik və ya əksinə, həddindən artıq fiziki fəaliyyət, eləcə də düzgün qidalanmama kimi səbəblərdən baş verir. Bu tip yorğunluq istirahət, yuxu və sağlam qidalanma ilə bərpa olunur”.
Psixoloqun sözlərinə görə, əgər insan “yatıram, amma yenə də yorğun oyanıram” deyirsə, bu artıq psixoloji yorğunluğun göstəricisidir:
“Psixoloji yorğunluq bədənin deyil, zehnin və ruhun tükənməsidir. Uzunmüddətli stress, mənasızlıq hissi, özünü sübut etmə təzyiqi, daxili boşluq və emosional sıxıntılar nəticəsində yaranır. Əlamətləri sadə işlərin belə ağır görünməsi, yuxuya baxmayaraq istirahət effektinin olmaması, hər şeyə marağın itməsi, əhvalın enməsi və duyğularda donuqluqdur. İnsan sanki həyatına “avtomatik rejimdə” davam edir.
Bu yorğunluq çox vaxt daxili konfliktlərdən qaynaqlanır. İnsan öz ehtiyac və hisslərini bastıraraq daim funksional qalmağa çalışır. “Mütləq güclü olmalıyam”, “dayansam, hər şey dağılacaq”, “məni yalnız nəticələrimlə dəyərləndirirlər” kimi düşüncələr daimi daxili təzyiq yaradır. Bu vəziyyət bədəni “döyüş rejiminə” salır, kortizol və adrenalin səviyyəsini uzun müddət yüksək saxlayır. Nəticədə sinir sistemi tükənir və emosional yanma (burnout) baş verir.
İş saatlarının uzunluğu da təsir edən amildir, lakin eyni şəraitdə bir insan tam tükənir, digəri isə enerjili qalırsa, səbəb sadəcə işin özündə deyil. Fiziki yorğunluq emosional mənasızlıqla birləşəndə daha ağır hiss olunur. İnsan gördüyü işdə mənanı, dəyəri və yerini tapmırsa, istirahət belə onu bərpa etmir”.
Psixoloqun qənaətincə, bu gün insanların hiss etdiyi yorğunluğun böyük hissəsi psixoloji xarakter daşıyır. İş şəraiti isə yalnız tətik rolunu oynayır. Əsas səbəblər emosional yüklənmə, daxili boşluq, şəxsi həyatda balanssızlıq, sevilməyən işdə və sağlam olmayan mühitdə çalışma ilə bağlıdır".