Əhali də, maşınlar da artır: Tıxacdan çıxış yolu nədir?
Sosial
Azərbaycanda avtomobillərin sayı artıq 2 milyona çatıb. İl ərzində avtomobillərin sayının təxminən 100 min ədəd artması ölkədə avtomobilləşmə səviyyəsinin sürətlə yüksəldiyini göstərir. Avtomobillərin sayının artması isə nəqliyyat infrastrukturu, yol hərəkətinin təşkili, parklanma, tıxaclar və ekoloji vəziyyətlə bağlı bir sıra məsələləri yenidən gündəmə gətirir.
News24.az-ın xəbərinə görə, nəqliyyat eksperti Rauf Ağamirzəyev Demokrat.az-a açıqlamasında bildirib ki, söhbət avtomobilləşmənin sayının artmasından yox, avtomobildən gündəlik istifadə zərurətindən gedir:
“Problemin kökü də buradan başlayır. Avropanın bir çox ölkələrinin şəhərlərində avtomobilləşmə səviyyəsi bizdən dəfələrlə yüksəkdir. Amma həmin şəhərlərdə avtomobildən gündəlik istifadə göstəricisi bizdən xeyli aşağıdır. Burada əsas məsələ alternativ hərəkət növlərinin məsafəyə uyğun şəkildə təşkil edilməsidir. Qısa məsafədə, məsələn, 1-3 kilometr məsafədə insanların piyada hərəkət etmək imkanı olmalıdır. Əgər belə imkan yoxdursa və insanlar qısa məsafələri avtomobillə qət edirlərsə, bu, şəhərin əsas resurslarının qeyri-səmərəli istifadəsinə gətirib çıxarır. Torpaq resurslarının qeyri-səmərəli istifadəsi, şəhər məkanının avtomobillər tərəfindən zəbt edilməsi də bunun nəticələrindən biridir. Müasir şəhərlərdə əsas prioritet insandır. İnsanların hərəkəti məhdudlaşdıqca bütün nəqliyyat axınları bir-birinə qarışacaq və təhlükəsizliklə bağlı təhdidlər yaranacaq. Bu məsələnin həlli, əslində, Baş planda və Dövlət proqramında da nəzərdə tutulub. Sadəcə, onların daha sürətli icrasına ehtiyac var”.
Ekspert əlavə edib ki, şəhərin mərkəzində qısa məsafəli hərəkət üçün baryersiz səkilər olmalıdır:
“Qısa piyada marşrutlarının formalaşdırılması üçün zebra və svetoforlu keçidlərin sayı artırılmalıdır ki, insanlar qısa məsafələrdə avtomobildən yox, piyadalar üçün yaradılmış imkanlardan istifadə etsinlər. İkinci məsələ orta məsafəli hərəkət üçün mikromobillik zolaqlarının yaradılmasıdır. Son üç ildə bu istiqamətdə artıq müəyyən şəbəkə formalaşıb və 60 kilometrdən artıq mikromobillik şəbəkəsi var. Hər keçən gün istifadəçi sayı da artır. Bu, real nümunədir ki, şərait yaradıldıqca insanlar alternativ nəqliyyat növlərinə meyllənirlər. Mövcud şəbəkəni genişləndirmək, boşluq qalan yerləri tamamlamaq və nəqliyyat axınlarının bir-birinə qarışmaması üçün mikromobillik zolaqlarında da svetoforlu keçidlərin sayını artırmaq lazımdır. Piyada hərəkəti mikromobilliklə, mikromobillik isə avtobus və digər nəqliyyat növləri ilə qarışmamalıdır. Bundan sonrakı mərhələ ictimai nəqliyyatın müxtəlif növlərinin inkişafıdır. Ayrılmış avtobus zolaqları yaradılıb və şəbəkələşib. Amma şəhəri yalnız avtobusla idarə etmək mümkün deyil. Növbəti mərhələ Dövlət proqramında da qeyd olunan relsli nəqliyyat növlərinin inkişafıdır. Buraya metro xətlərinin genişləndirilməsi, yeni stansiyaların açılması, şəhərətrafı elektrik qatarı şəbəkəsinin genişləndirilməsi və böyükdaşımanın artırılması, həmçinin tramvay sisteminin yaradılması daxildir”.
O qeyd edib ki, son üç ildə Mobilliyin Transformasiya Planı çərçivəsində ayrılmış avtobus zolaqları və mikromobillik zolaqları yaradılıb:
“Amma burada səkinin vacibliyini xüsusilə qabartmaq lazımdır. Çünki bunların hamısından istifadə etdikdən və nəqliyyat vasitəsindən düşdükdən sonra biz piyadayıq. Dayanacaqların məsafəsinin yaxın olması, məsələn, təxminən 300 metrdən bir yerləşdirilməsi nəqliyyat əlçatanlığını təmin edir. Amma dayanacaqların 300 metrdən bir yerləşdirilməsi üçün ilk növbədə səki olmalıdır. Eyni zamanda, dayanacaq varsa, yolun bir tərəfindən digər tərəfinə keçmək üçün zebrali işıqforların sayı da artırılmalıdır. Yəni bunlar bir-biri ilə bağlı məsələlərdir. Birini edib digərini həyata keçirmədikdə, bu, yenə də hərəkət axınlarının qarışmasına səbəb olacaq. Amma avtobus zolaqlarını ayırıb, səkiləri sürətlə abadlaşdıranda və işıqforlu keçidlərin sayını artıranda insanlar artıq görəcək ki, avtomobillə gəlmək narahatdır, amma ictimai nəqliyyatla gələndə əlçatan məsafədə, məsələn, 300 metrdən bir dayanacaq var. Orada düşüb zebrali keçiddən yolun digər tərəfinə keçərək səfərini rahat və sürətli şəkildə planlaşdırıb reallaşdıra biləcək. Ona görə də bu istiqamətdə müəyyən işlər görülüb, amma onların tamlığını təmin etmək lazımdır ki, insanlar ictimai nəqliyyata daha çox meyl etsin. Mövcud hərəkət axınları da yeni reallığa uyğun yenidən bölüşdürülməli və axın parçalanmalıdır. Bu mərhələdən sonra da faiz etibarilə dəyişikliklər baş verəcək. Amma ilk növbədə bu sistemin tamlığını təmin etmək lazımdır. Hazırda səkilərə diqqətimizi artırmalıyıq. Dövlət Proqramının 8.1.6.7-ci bəndində də bu məsələ öz əksini tapır. Həmçinin dayanacaqların və zebrali keçidlərin sayını sürətlə artırmaq lazımdır. Çünki bu tədbirlər relsli nəqliyyat növlərində olduğu kimi uzun müddət və böyük vəsait tələb etmir. Ona görə də bunları daha sürətlə icra etmək və nəticəsini insanların daha tez hiss etməsini təmin etmək mümkündür. Yəni islahatı iki hissəyə bölmək olar. Birincisi, daha az xərcli və daha tez hiss olunan yüngül islahatlar avtobus və mikromobillik zolaqları, səkilər, dayanacaqlar və zebrali işıqforlar. İkincisi isə daha böyük investisiya tələb edən və həyata keçirilməsi baxımından bir qədər çox vaxt aparan sərt islahatlardır. Bu ikinci mərhələdə daha böyük nəticələrin əldə olunması mümkündür. Amma ilk mərhələdə insanların gündəlik həyatında daha tez hiss edə biləcəyi dəyişikliklərin tamlığını təmin etmək vacibdir. Səkilər abadlaşdırılarkən inklüzivliyə xüsusi diqqət artırılmalıdır. Yəni hamı sağlam deyil, hamı cavan deyil. Buna görə də müxtəlif insanların ehtiyacları nəzərə alınmalı, xüsusilə pandusların yaradılması vacibdir. Eyni zamanda, səkiləri qorumaq üçün tumbaların quraşdırılması da mühüm məsələdir.
Müasir dünyadakı nümunələrə baxsaq, səki sahəsini parkinq sahəsindən ayırmaq üçün qabarıq keçidlərdən, dayanacaq sahəsini parkinq sahəsindən ayırmaq üçün isə anti-ciblərdən istifadə olunur. Bu cür həllər fiziki olaraq ərazinin zəbt edilməsinin qarşısını alır. Tumbalar da eyni məqsədə xidmət edir. Keçidlərdə kontrast işıqlandırmanın təmin olunması da vacibdir. Əgər zebrali keçid iki zolaqdan artıq olan prospekt və ya küçədə yerləşirsə, həmin hissədə təhlükəsizlik adacıqları yaradılmalıdır. Eyni zamanda, zolaqların eninin azaldılması təmin olunmalıdır. Bütün bunların əsas məqsədi təhlükəsizliyin təmin edilməsidir. Belə tədbirlər ona xidmət edir ki, istənilən mümkün qəza zamanı onun nəticəsi ağır xəsarət və ya ölümlə deyil, mümkün qədər yüngül xəsarət və ya maddi ziyanla məhdudlaşsın. Təəssüf ki, bizdə bəzi hallarda bu cür hadisələr ölümlə nəticələnir. Burada infrastrukturun natamam olması da əsas problemlərdən biridir. Daha sürətli hərəkət üçün müəyyən işlər görülür, amma şəhərdə insanların sayı və hərəkət intensivliyi artır. Bu isə özlüyündə risk yaradır. Ona görə də həmin riskləri azaltmaq üçün qeyd olunan həllər də transformasiya prosesi çərçivəsində tətbiq olunmalıdır. Yəni səkini abadlaşdırırsansa, keçid təşkil edirsənsə, əsas suallardan biri də onun necə təşkil olunmasıdır. Bunun cavabı isə yuxarıda qeyd etdiyim kimi, pandusların, tumbaların, təhlükəsizlik adacıqlarının, kontrast işıqlandırmanın, zolaqların eninin azaldılmasının və digər təhlükəsizlik tədbirlərinin kompleks şəkildə tətbiq edilməsidir”.
Rauf Ağamirzəyevin fikrincə, avtomobil yollarında dairəvi, radial və əlaqələndirici yolların tikilməsi də nəzərdə tutulmalıdır:
“Yəni söhbət çoxlaylı mobillik və logistika proqramından gedir. Bu təbəqələrin hər birində imkanlar yaradıldıqca insanların prioritetləri də dəyişəcək. Avtomobillərin sayı çox olsa belə, insanlar alternativlərdən istifadə etməyə başlayacaqlar. Müəyyən ərazilərdə, xüsusilə şəhərin giriş nöqtələrində parkinqlərin yaradılması da vacibdir. Dünya təcrübəsində bunun üçün “Park and Ride” modeli tətbiq olunur. Yəni insan müəyyən məsafəni avtomobillə qət edir, avtomobilini park etdikdən sonra səfərinin növbəti hissəsini ictimai nəqliyyatla, dəmir yolu, metro və ya avtobusla davam etdirir. Bununla yanaşı, bizdə brutto-müqaviləyə keçid də təsdiqini tapıb. Növbəti mərhələdə həmin sistem çərçivəsində gündəlik və illik bilet paketlərinin, 90 dəqiqəlik pulsuz keçidlərin, güzəştli biletlərin, tələbələr, təqaüdçülər və məktəblilər üçün imkanların yaradılması da nəzərdə tutulmalıdır. Bütün bunlar kompleks məsələdir. Burada əsas suallardan biri “avtomobil nə zaman zəruri olsun?” sualıdır. İmkanlar və şərait yaradıldıqca insanların prioritetləri və vərdişləri də dəyişəcək. Əgər şəhərdə avtomobillə hərəkət etmək onsuz da problem idisə, bu problem daha da artır. Çünki qısa məsafədə avtomobildən istifadə səmərəli deyil. Bunun parkinq, amortizasiya və yanacaq xərcləri, həmçinin tıxac kimi problemləri var. Amma alternativ olaraq həmin məsafəni piyada və ya digər nəqliyyat növləri ilə qət etmək üçün şərait yaradılmalıdır. Ona görə də məsələyə yalnız avtomobillərin sayının artması prizmasından yanaşmaq düzgün deyil. Avtopark zamanla yenilənəcək və avtomobillərin sayı da artacaq. Əsas sual budur ki, biz avtomobildən gün ərzində nə qədər istifadə edirik, neçə kilometr məsafə qət edirik, avtomobil bizim üçün nə qədər vacibdir və avtomobildən istifadə etmədən səfərimizi digər nəqliyyat növləri ilə təşkil edə bilirikmi? Digər nəqliyyat növləri arasında inteqrasiya, rahat keçidin səviyyəsi və naviqasiya imkanları da burada mühüm rol oynayır. Bir insan avtomobillə hərəkət edərkən “Waze” kimi tətbiqdən istifadə edərək rahat istiqamət tapa bilir. Digər nəqliyyat növlərindən istifadə zamanı isə həmin məlumatların insanı nə qədər rahat istiqamətləndirdiyi də önəmlidir. Bu məsələlərə diqqət yetirmək lazımdır. İnsanlara alternativ verildikdə həmin alternativ də rahat olmalıdır. Fərqi yoxdur, həmin şəxs şəhərin daimi sakini, regiondan gələn vətəndaş və ya turistdir. İnsan rahat ictimai nəqliyyat və digər hərəkət növləri ilə səfərini planlaşdıra, rahat istiqamət tapa və ödənişini asanlıqla həyata keçirə bilməlidir. Bu imkanlar müəyyən qədər var, lakin bizdə hələ də pərakəndəlik mövcuddur. Əsas məsələ bu imkanları sistemləşdirmək və qəbul olunmuş qərarların sürətli icrasını təmin etməkdir ki, insanlar daha çox ictimai nəqliyyatdan istifadə etsinlər. 2030-cu ilə qədər əsas hədəflərdən biri əhalinin 40 faizinin əsasən ictimai nəqliyyatdan istifadə etməsidir. Düşünürəm ki, şərait yaradıldıqca bu faiz daha da arta bilər”.