“Erməni vəhşiliyi: sənədlərin dili ilə” kitabının təqdimatı keçirilib - FOTOLAR
Sosial
İyunun 3-də C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Tarixi Araşdırmalar İctimai Birliyinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi "Qərbi Azərbaycanda erməni vəhşiliyi: sənədlərin dili ilə" layihəsi çərçivəsində nəşr etdirdiyi “Erməni vəhşiliyi: sənədlərin dili ilə” (Qərbi Azərbaycan ərazisində azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı arxiv sənədlərində) adlı sənədlər toplusunun təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Alı Balayev layihənin məqsəd və vəzifələri barədə ətraflı məlumat verib. O, topluda Qərbi Azərbaycan ərazisində azərbaycanlılara qarşı törədilmiş soyqırımı və deportasiyaları əks etdirən arxiv sənədləri yer alıb. Layihə rəhbəri əsasən alim və tədqiqatçılarından ibarət iştirakçıları təqdim edərək nəşrin tarixi həqiqətlərin araşdırılması və təbliği baxımından əhəmiyyətini vurğulayıb.
Sənədlər toplusunun tərtibçiləri adından çıxış edən “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri, AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Azərbaycan Cümhuriyyəti tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Kamran İsmayılov nəşrin aktuallığından danışıb. O bildirib ki, topluda yer alan sənədlər azərbaycanlılara qarşı törədilmiş soyqırımı və deportasiya siyasətinin mahiyyətini üzə çıxarmaq baxımından mühüm mənbələrdir.
Kamran İsmayılov qeyd edib ki, sənədlərin heç bir əlavə redaktə və ya interpretasiya aparılmadan, orijinal rus dilində nəşr olunması onların elmi etibarlılığını artırmaqla yanaşı, beynəlxalq ictimaiyyətin də ilkin mənbələr əsasında məlumatlandırılmasına xidmət edir. O, topluda yer alan sənədlərin təsnifatı, yaranma tarixçəsi və məzmunu barədə ətraflı məlumat verərək, burada əks olunan faktların tarixi həqiqətlərin öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
K.İsmayılov rəhbərlik etdiyi təşkilatın gələcək fəaliyyət planlarından da söz açaraq bildirib ki, Azərbaycanın digər bölgələrində, xüsusilə Zəngəzurda azərbaycanlıların məruz qaldığı faciələri əks etdirən arxiv sənədlərinin toplanması və nəşrə hazırlanması istiqamətində işlər davam etdirilir.
Nəşrin redaktoru və ön sözünün müəllifi, tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarlı çıxışında topluda yer alan sənədlərin Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın tarixinin bir sıra qaranlıq məqamlarına işıq saldığını bildirib. O qeyd edib ki, sənədlərdə əks olunan faktlar İrəvan bölgəsinin Azərbaycanın tarixi torpaqları olduğunu təsdiqləyən mühüm mənbələr sırasındadır.
Tədbirdə çıxış edən AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçiləri – siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Mirnazim Cəfərov, tarix üzrə fəlsəfə doktoru, dosent Ənvər Məmmədov, böyük elmi işçi Yaşar Bəhramov, AMEA Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Mirzə Ənsərli, AMEA Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elçin Məmmədli və digər alimlər sənədlər toplusunun elmi və ictimai əhəmiyyətindən bəhs ediblər. Çıxışlarda nəşrin regionda baş verən proseslərin tarixi kontekstdə öyrənilməsi baxımından mühüm mənbə olduğu vurğulanıb, bu istiqamətdə araşdırmaların və nəşrlərin davam etdirilməsinin vacibliyi qeyd olunub.
Tədbirin sonunda layihə rəhbəri Alı Balayev sənədlər toplusunun hazırlanması və nəşrinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə layihə iştirakçıları adından təşəkkürünü bildirib.
Qeyd edək ki, “Erməni vəhşiliyi: sənədlərin dili ilə” adlı sənədlər toplusu Qərbi Azərbaycan ərazisində azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı və deportasiya siyasətini əks etdirən arxiv materiallarını özündə birləşdirir və bu istiqamətdə aparılan elmi araşdırmalar üçün mühüm mənbə hesab olunur








