Ev almaq istəyənlər üçün yeni imkan: Qiymətlərə təsir olacaqmı?

Ev almaq istəyənlər üçün yeni imkan: Qiymətlərə təsir olacaqmı? Sosial

İpoteka və Kredit Zəmanət Fondunun vəsaitlərinin artırılması və fondun portfelinə yeni mənzillərin əlavə olunması ipoteka bazarında yenidən müzakirələrə səbəb olub.

Belə ki, fonda 184 yeni mənzil əlavə edilib, eyni zamanda ipoteka kreditlərinin maliyyələşdirilməsi məqsədilə əlavə 226 milyon manat vəsait ayrılıb.

Maraqlıdır, vəsaitlərinin artırılması və yeni mənzillərin satışa çıxarılması daşınmaz əmlak bazarında qiymətlərin artım tempinə təsir göstərə bilərmi? Hazırda mənzil bazarında qiymət dinamikası necədir və artımın əsas səbəbləri nələrdir?

Məsələ ilə bağlı News24.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, İpoteka Fondu tərəfindən mənzillərin satışa çıxarılması uzun illərdir davam edən bir prosesdir və bu günədək daşınmaz əmlak bazarında ciddi dəyişiklik yaratmayıb.

Onun sözlərinə görə, bunun əsas səbəbi Fond tərəfindən satışa çıxarılan mənzillərin sayının bazarın ümumi həcmi ilə müqayisədə az olmasıdır:

"İpoteka Fondu tərəfindən satışa çıxarılan mənzillərin həcmi bazara ciddi təsir göstərəcək qədər böyük deyil. Bu səbəbdən həmin mənzillər çox qısa müddətdə satılır və bazarda qiymətlərin formalaşmasına nəzərəçarpacaq təsir etmir."

Ekspert qeyd edib ki, son illərdə ölkədə, xüsusilə Bakıda yeni tikinti layihələrinin sayının azalması daşınmaz əmlak bazarında təklifin azalmasına səbəb olub:

"Son 10 illə müqayisədə tikinti sektorunda aktivlik xeyli zəifləyib. Nəticədə bazara çıxarılan daşınmaz əmlakın həcmi də əhəmiyyətli dərəcədə azalıb. Təklifin azalması isə qiymət artımını sürətləndirən əsas amillərdən biridir."

Onun sözlərinə görə, mənzil qiymətlərində artım tendensiyası davam edir və illik qiymət artımı orta hesabla 12 faizdən aşağı deyil.

"İpoteka kreditlərinin şərtləri bazar kreditləri ilə müqayisədə daha əlverişli olduğundan, bu mexanizmdən yararlanmaq istəyən vətəndaşların sayı kifayət qədər çoxdur. Mənzil qiymətlərinin davamlı artması isə daşınmaz əmlaka investisiya və alıcılıq marağını yüksək səviyyədə saxlayır."