Fazil Mustafanın “Çoban məsuliyyəti” kitabı gün üzü gördü - FOTO
Sosial
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, fəlsəfə doktoru Fazil Mustafanın “Çoban məsuliyyəti” adlı yeni kitabı gün üzü görüb.
News24.az xəbər verir ki, Bakıda, “AVE Print” nəşriyyat-poliqrafiya mərkəzində nəfis tərtibatla çıxan kitabda müəllifin son iki ildə qələmə aldığı siyasi-fəlsəfi, elmi-publisistik və kulturoloji səciyyəli yazıları toplanıb.
Səkkiz tematik bölmə üzrə sistemləşdirilən nəşrdə Azərbaycan dövlətçiliyinin ideya əsasları, tarixi yaddaş, milli kimlik, Qarabağ Zəfərinin siyasi-mənəvi nəticələri, ictimai düşüncənin çağdaşlaşması, dil və mədəniyyət, din–dövlət münasibətləri, dünyəvilik və vətəndaş məsuliyyəti məsələləri nəzərdən keçirilir.
![]()
Kitabın “Tarix mirası mövzusunda mülahizələr”, “Qarabağın azadlığı və erməni xəstəliyi”, “Zamanın çağırışları”, “Şəxsiyyətlər və kölgələri”, “Dilimiz – dilçəyimiz”, “Mədəniyyətimiz və milliliyimiz”, “Bütövlük xəstəliyi”, “Ümmətçi dinimiz və milli cəhalətimiz” adlı bölmələrində müəllif çağdaş Azərbaycan cəmiyyətinin intellektual gündəminə aid bir sıra aktual məsələlərə özünəxas yanaşma sərgiləyir.
Kitaba adını vermiş “Çoban məsuliyyəti” məqaləsində məsuliyyət anlayışı qoruyuculuq, mənəvi öhdəlik, maarifçilik və ictimai davranış kontekstində dəyərləndirilir. Nəşrin önündə yer alan “Qranulalar” – aforistik səciyyəli seçmə fikirlər də əsərin ümumi ideya məzmununu tamamlayır.
Yeni kitab Fazil Mustafanın öncəki illərdə çıxmış “Düşünürüksə, varıq!”, “Sağlam düşüncə alternativi”, “Doğru düşüncənin hikməti”, “Xalq və qaragüruh”, “Düşünənlər və düşündürənlər”, “Cəhalət kolonu”, “Azərbaycan: qaranlıq keçmişdən aydınlıq tarixə” və digər əsərlərində ifadə olunan ideya axtarışlarının davamıdır.
Müəllifin sayca 31-ci kitabı olan “Çoban məsuliyyəti” siyasi fəlsəfə, tarix, kulturologiya, dinşünaslıq, hüquq və vətəndaş cəmiyyəti məsələləri ilə ilgilənən mütəxəssislər, ali məktəb müəllimləri və tələbələri, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub./Musavat.com/