“Geri qayıtmaq üçün səbəb yaratmaq lazımdır” – deputatdan ÇAĞIRIŞ
Sosial
Hər il çox sayda azərbaycanlı gənc təhsil almaq üçün xarici ölkələrə üz tutur. Lakin onların bir qismi təhsillərini başa vurduqdan sonra karyeralarını da həmin ölkələrdə davam etdirməyi seçir. Halbuki ölkənin inkişafı baxımından bu gənclərin əldə etdikləri bilik və bacarıqları Azərbaycanda tətbiq etməsi böyük əhəmiyyət daşıyır. Bəs xaricdə təhsil alan gənclərin vətənə qayıtması necə təşviq oluna bilər?
News24.az mövzu ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı Elnarə Akimovanın fikirlərini öyrənib.
Deputat bildirib ki, müasir dövrdə insan kapitalı dövlətlərin əsas resursuna çevrilib və gənclər yalnız diplom arxasınca getmirlər:
"Onlar innovativ mühit, rəqabətli əmək bazarı və şəffaf imkanlar axtarırlar. Bu baxımdan məqsəd yalnız “geri qaytarmaq” deyil, “geri dönmək üçün səbəb yaratmaq” olmalıdır".
Deputat qeyd edib ki, bu gün artıq müsbət tendensiyalar da müşahidə olunur:
"Xaricdə təhsil almış kadrların dövlət idarəçiliyində və müxtəlif strateji sahələrdə istifadəsi getdikcə genişlənir. Onlar gənc olmalarına baxmayaraq, məsuliyyətli vəzifələrə irəli çəkilir, qərarverici mövqelərdə təmsil olunurlar. Bu yanaşma həm yenilənmənin, həm də idarəetmədə müasir düşüncə tərzinin güclənməsinə xidmət edir. Bu, eyni zamanda xaricdə təhsil alan gənclər üçün də aydın mesajdır. Bilik, bacarıq qiymətləndirilir və real karyera imkanına çevrilə bilər".
O əlavə edib ki, uğurlu nəticələr əldə etmək üçün daha səmərəli yollardan istifadə edilməlidir:
"İlk növbədə, əmək bazarında real rəqabət mühiti formalaşdırılmalıdır. Yüksək ixtisaslı gənc yalnız layiqli maaş deyil, həm də peşəkar inkişaf, ideyalarının reallaşması və şəffaf karyera yüksəlişi istəyir. Dövlət və özəl sektor bu baxımdan daha açıq, meritokratiyaya əsaslanan sistem qurmalıdır. Xüsusilə innovasiya, texnologiya, startap ekosisteminin inkişafı bu gənclər üçün cəlbedici platforma yarada bilər".
Elnarə Akimova vurğulayıb ki, xaricdə təhsil almış gənclərin yalnız diplomlarının tanınması yetərli deyil, onları aktiv insan sisteminin əsas iştirakçısına çevirmək lazımdır:
"Xaricdə təhsil almış kadrların ölkəyə qayıtdıqda sadəcə diplomlarının tanınması kifayət etmir. Onları sistemə inteqrasiya edib bilik və bacarıqlarını konkret layihələrdə tətbiq edə biləcək mexanizmlər qurmaq lazımdır".
O bildirib ki, gənc mütəxəssis yalnız peşəkarlığı ilə deyil, sosial və psixoloji olaraq da dəyər verildiyini hiss etməlidir:
"Onlara hörmət, təşəbbüskarlığın təşviqi və açıq mühit təqdim edilməzsə, daha komfortlu və dəyərli hiss etdiyi başqa yerlərə üstünlük verəcəklər. Eyni zamanda, dövlət proqramları yalnız təhsil göndərişi ilə bitməməli, geri dönüş və məşğulluq zənciri ilə tamamlanmalı, sistemli və nəticəyönümlü idarə olunmalıdır".
Deputat Prezident İlham Əliyevin mövzu ilə bağlı yanaşmasını misal gətirərək deyib:
"Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, insan kapitalı ölkənin əsas sərvətidir. Gənclərin bilik və bacarığı milli inkişafın gələcəyini müəyyən edir. Yəni bu məsələ təkcə kadr axını deyil, strateji inkişaf prioritetidir".
Deputat qeyd edib ki, gənclərin bilik və təcrübəsini ölkəyə düzgün qaytarmaqla "beyin axını" problemi fürsətə çevrilə bilər, əks halda isə gələcəyimizi zəiflətmiş oluruq.
Gülçin Abdullayeva