“Hamının uşağı var, mənim də olsun prinsipi ilə uşaq dünyaya gətirirlər”

“Hamının uşağı var, mənim də olsun prinsipi ilə uşaq dünyaya gətirirlər” Sosial

Bir neçə gün əvvəl ananın uşağını taksidə qoyub getməsi xəbəri yayıldı.  Artıq azyaşlı sığınacağa yerləşdirilib. “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında hadisənin təfərrüatlarını paylaşıb. 

Məlum olub ki, körpənin aylar əvvəl uşaq evinə yerləşdirilməsi üçün müraciət olunub: 

“Ana uşağını körpələr evinə təhvil verməyə gedərkən yolda fikrini dəyişib. Daha sonra taksiyə minib. Yenidən fikrini dəyişən ana övladını taksidə qoyaraq gedib”.

Psixoloq Fərqanə Mehmanqızının sözlərinə görə, bəzi qadınlar ana olmağa hazır olmurlar, müəyyən travmaları var. 

O bu barədə fikirlərini Demokrat.az-a açıqlamasında bölüşüb: 

“Ola bilər ki, insan böyüdüyü müddətdə şəxsiyyətin inkişafı dövründə hər hansı travma yaşayıb, bunu analiz etmək lazımdır. Bu, şəxsə anasından keçmiş və ya valideynlərinin ona qarşı münasibətindən yaranmış ola bilər. Şəxs bioloji cəhətdən ana olmağa hazır olsa da psixoloji olaraq buna hazır deyil. İnsan yetişdirmək, cəmiyyətə sağlam vətəndaş qazandırmaq məsuliyyətdir, yükdür. Bunu hər adam dərk edərək yerinə yetirmir. Hamının uşağı var, mənim də olsun prinsipi ilə uşaq dünyaya gətirirlər. Belə qadınların psixoloji vəziyyətini də yoxlamaq lazımdır. Hər hansı psixoloji xəstəlikdən əziyyət çəkirmi, şizofreniyası varmı, idiotizm, əqli geriləmə halları da müşahidə edilə bilər. Bu kimi problemlər yaşayan insan natamamlıq kompleksinin nəticəsi olaraq öz övladından imtina edə bilər. 

Analıq hissinə üstün gələn travmalar var, tarix bizə bunu göstərir. Belə xəbərləri tez-tez eşidirik, uşaq doğulur, anası tərəfindən zibilxanaya atılır, yolda tərk edilir. Analıq hissi bütün hisslərdən güclü olsaydı, uşaqlar evi olmazdı. Təəssüf ki, belə deyil”.