"Heç bir hazırlığa getməmişəm" - 300 bal toplayan Emiliya

"Heç bir hazırlığa getməmişəm" - 300 bal toplayan Emiliya Sosial

Xəbər verdiyimiz kimi, mart ayının 15-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən imtahanda 9 nəfər 300 bal toplayaraq ən yüksək nəticə göstərib.

News24.az xəbər verir ki, maksimal nəticə göstərənlər arasında Qusar rayonundan olan şagird də var.

O, Qusar rayonunun Yuxarı Zeyxur kənd orta məktəbinin şagirdi Emiliya Vitalik qızı Qayıbovadır.

E.Qayıbova bu barədə verdiyi açıqlamada heç bir kurs və ya hazırlığa getmədiyini deyib: "Sadəcə məktəb müəllimlərimin zəhməti var üzərimdə. Bu üç fənn və digər fənlər üzrə bünövrəmi yaxşı qoymuşam. Ya 9-cu sinifdə, ya 11-ci sinifdə hazırlığa getmək ehtiyacı duymamışam. Çünki məktəbimizdə kifayət qədər yaxşı təhsil verilir.

9-cu sinifdə bu arzum yarımçıq qalmışdı. 300 baldan 297 balım olmuşdu, sadəcə bir sualı səhv etmişdim. 11-ci sinifdə isə bu arzumu gerçəkləşdirdim".

O, imtahan suallarının orta səviyyədə olduğunu bildirib: "Sadəcə Azərbaycan dili fənnindən mətn tapşırıqlarında vaxt aparan suallar var idi. Amma ümumən orta səviyyəli suallar idi, yazmaq olardı.

Xarici dilim rus dili olduğu üçün bu dildən imtahan verdim. Azərbaycan dilinə nəzərən xarici dil daha rahat idi".

E.Qayıbova həmçinin bildirib ki, 1-ci ixtisas qrupu üzrə hazırlaşır və kompüter elmləri ixtisasına yiyələnmək istəyir. (Unikal)