İldırım təhlükəsi artır: Özümüzü necə qoruyaq?

İldırım təhlükəsi artır: Özümüzü necə qoruyaq? Sosial

Bir neçə gün öncə Lerikdə faciəli hadisə baş verib. Hadisə rayonun Laman kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 2005-ci il təvəllüdlü Cəfər Əbdül oğlu Mirzəzadəni ildırım vurub. O, aldığı ağır xəsarətlər nəticəsində həyatını itirib. Meyit aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, son zamanlar ölkədə ildırım vurması ilə bağlı hadisələr vaxtaşırı qeydə alınır. Xüsusilə qış aylarında – yanvar və fevralda da oxşar bədbəxt hadisələr baş vermişdi. Mütəxəssislər bildirirlər ki, dəyişkən hava şəraiti və güclü atmosfer hadisələri zamanı təhlükəsizlik qaydalarına əməl etmək həyati əhəmiyyət daşıyır.

Maraqlıdır, bu halların artmasına səbəb nədir? İnsanlar ildırım vurmadan qorunmaq üçün nələr etməlidir?

Məsələ ilə bağlı News24.az-a danışan ETSN yanında İctimai Şuranın sədri Amin Məmmədov bildirib ki, bu cür təbiət hadisələri zamanı təhlükəsizlik qaydalarına əməl olunması həyati əhəmiyyət daşıyır:

"İnsanlarda özünü qoruma instinkti olsa da, bununla yanaşı geniş maarifləndirmə işlərinin aparılmasına ciddi ehtiyac var. Vətəndaşlar aidiyyəti qurumların, meteoroloqların və həkimlərin xəbərdarlıqlarına diqqətlə yanaşmalıdır. Təəssüf ki, bəzi hallarda insanlar təhlükəni düzgün qiymətləndirmirlər. Bu da ağır nəticələrə səbəb olur. Ən vacib məqamlardan biri ildırım çaxarkən açıq ərazilərdə, xüsusilə ağac altında dayanmamaqdır. Çünki ağaclar ildırımı daha çox cəlb edir”.

Amin Məmmədov əlavə edib ki, belə hava şəraitində mobil telefondan və digər elektron cihazlardan istifadə etmək də məsləhət görülmür:

“İldırım zamanı mümkün qədər qapalı və təhlükəsiz məkanda qalmaq lazımdır. İnsanlar yağış və tufanı adi hava hadisəsi kimi qəbul etməməli, təhlükəsizlik tədbirlərinə ciddi riayət etməlidirlər. İldırım vurması halları əsasən qış aylarında, yanvar, fevral və bəzi hallarda mart ayında daha çox müşahidə olunur. Lakin son illərdə iqlim dəyişiklikləri səbəbindən mövsümi balansın dəyişdiyi də hiss olunur. Bu il də ölkənin müxtəlif bölgələrində ildırım vurması halları qeydə alınıb. Bu səbəbdən vətəndaşların daha diqqətli olması vacibdir”.

Məsələ ilə bağlı danışan səhiyyə eksperti Aydın Əliyev bildirib ki, ildırım vurması ilə bağlı hadisələr zaman-zaman baş verir və belə hallarda vətəndaşların təhlükəsizlik qaydalarına ciddi əməl etməsi vacibdir:

"Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə bağlı xəbərdarlıqları təsadüfi etmir və insanlar bu çağırışlara diqqətlə yanaşmalıdır. İldırım, güclü yağış və külək olan zaman Fövqəladə Hallar Nazirliyi daim xəbərdarlıq edir ki, ehtiyatlı olun. Məsələn, güclü külək zamanı ağacların altında dayanmaq olmaz. Çünki iri budaqlar qırıla və ya ağac aşaraq insan həyatı üçün təhlükə yarada bilər”.

Ekspert qeyd edib ki, ildırım çaxması zamanı mobil telefon və digər elektron cihazlardan istifadənin məhdudlaşdırılması da tövsiyə olunur:

“Belə hava şəraitində telefonları mümkün qədər söndürmək və ya istifadəsini azaltmaq məsləhətdir. İldırım özü çox güclü enerji və şüalanma ilə müşayiət olunan təbiət hadisəsidir. İldırım vurması insan orqanizmində ağır fəsadlar yarada bilər və hər hadisənin təsiri fərqli olur. İldırım vurması zamanı müxtəlif travmalar baş verə bilər. Zərbə baş nahiyəsinə, qarın boşluğuna və ya bədənin digər hissələrinə dəyə bilər. Bunun nəticəsində sınıqlar, daxili qanaxmalar, sinir sistemi zədələri, beyin travmaları və ciddi psixoloji sarsıntılar yaranır. İnsanlarda qorxu və şok vəziyyəti də müşahidə olunur”.

Ekspert bildirib ki, belə hallarda həkimlər vəziyyətə uyğun şəkildə müdaxilə edirlər:

“Hadisənin ağırlıq dərəcəsinə uyğun olaraq ilkin tibbi yardım göstərilir, daha sonra isə müalicə prosesi aparılır. Əgər zədə yüngüldürsə, xəstə qısa müddətdə nəzarətdə saxlanılır. Ağır hallarda isə geniş tibbi müdaxilə tələb oluna bilər”.