İngilis dili imtahanında uğurun formulu - Müəllim SİRRİ AÇIQLADI
Sosial
XI sinif buraxılış imtahanında xarici dil üzrə yeni qiymətləndirmə modeli tətbiq ediləcək
Gələn ildən XI sinfin buraxılış imtahanında xarici dil fənni üzrə qiymətləndirmə modelində dəyişiklik ediləcək. Yeni qaydalara əsasən, şagirdlərin dinləmə, oxu, leksik-qrammatik və yazı bacarıqları ayrıca istiqamətlər üzrə yoxlanılacaq.
Dinləmə bacarığı bir mətn və həmin mətn üzrə 4 qapalı tipli test tapşırığı ilə qiymətləndiriləcək. Oxu bacarığı üzrə iki mətn təqdim olunacaq və hər mətnə aid 4 qapalı tipli test sualı veriləcək. Leksik-qrammatik biliklərin ölçülməsi üçün 13 qapalı tipli tapşırıq nəzərdə tutulur. Yazı bacarığı isə verilmiş mövzu və ya sual əsasında ən azı 100 söz həcmində bir abzasdan ibarət yazı işi ilə yoxlanılacaq.
“Bu yenilik müsbət xarakter daşıyır”
Bildirilir ki, yeni yanaşmanın əsas məqsədi şagirdlərin dil bacarıqlarını daha real, funksional və kommunikativ mühitdə qiymətləndirməkdir. Bəs bu dəyişiklik abituriyentlər üçün əlavə çətinlik yaradacaqmı?
Mövzu ilə bağlı News24.az-a danışan təhsil üzrə ekspert Elmin Nuri hesab edir ki, XI sinif buraxılış imtahanlarında ingilis dili üzrə tətbiq olunacaq yeniliklər mənfi deyil, əksinə müsbət xarakter daşıyır:
“Təbii ki, bu dəyişikliklərlə razılaşmayanlar olacaq. Xüsusilə abituriyentlər, onların müəllimləri və valideynlər üçün bu mərhələ kifayət qədər həssasdır. Bu dövrdə ən kiçik yenilik belə gərginliyi artıra bilər. Amma məsələyə təhsil baxımından yanaşmaq lazımdır”.

Ekspertin sözlərinə görə, oxşar qiymətləndirmə modeli artıq magistratura qəbul imtahanlarında tətbiq edilir və indiki şagirdlər gələcəkdə həmin mərhələdə də bu tip tapşırıqlarla qarşılaşacaqlar:
“Ona görə də bu formata indidən alışmaq vacibdir. "Reading" tapşırıqları mətn tipli olacaq, lakin 11-ci sinif imtahanlarında onların çətinlik səviyyəsinin magistratura imtahanları ilə eyni olacağını düşünmürəm. Şagirdlər üçün uyğunlaşdırılmış formada təqdim ediləcək”.
“Test asılılığından uzaqlaşmaq lazımdır”
Elmin Nuri əlavə edib ki, uzun illər test üsulunun şagirdlərin təfəkkür və analiz bacarıqlarını məhdudlaşdırdığı bildirilirdi:
“Bir tərəfdən test asılılığından qurtulmaq istədiyimizi deyirik, digər tərəfdən isə bu istiqamətdə atılan addımlara narazılıq edirik. Bu, müəyyən ziddiyyət yaradır. Məncə, valideynlərin narahatlığına əsas yoxdur. Bu yenilik qorxuducu deyil, əksinə müsbət nəticələr verəcək və üstünlükləri zamanla daha aydın görünəcək”.
“Əsas məsələ düzgün struktur qurmaqdır”
İngilis dili müəlliməsi İlahə Hüseynzadə bildirib ki, esse yazarkən əsas məqsəd mürəkkəb ifadələrdən istifadə etmək deyil, tapşırığın tələblərini düzgün yerinə yetirməkdir:
“İngilis dilinin özünəməxsus qrammatik qaydaları var. İlk növbədə, standart yazı strukturuna əməl etmək lazımdır. Dövlət dərsliklərində hər bölmənin sonunda bu istiqamətdə tapşırıqlar təqdim olunur”.
Onun sözlərinə görə, esse mətnində giriş, əsas hissə və nəticə ardıcıllığı qorunmalıdır:
“Əvvəl mövzu təqdim edilməli, əsas hissədə fikir izah olunmalı, sonda isə ümumiləşdirmə aparılmalıdır. Ən çox bal əsas hissəyə verilir. Bağlayıcı sözlər mətnin axıcılığını artırır, lakin onların həddindən artıq və uyğunsuz istifadəsi mətni ağırlaşdıra bilər”.

Müəllimə əlavə edib ki, yazının dili sadə və düzgün olmalıdır:
“Artıq sözlərdən, təkrarçılıqdan və qarışıq cümlələrdən qaçmaq lazımdır. Qrammatik qaydalara əməl etmək, zamanları düzgün işlətmək, söz ehtiyatından yerində istifadə etmək yüksək nəticə əldə etməyə kömək edir”.
İmtahanda biliklə yanaşı taktiki yanaşma da önəmlidir
Müəllimin sözlərinə görə, imtahanda dinləmə və oxu tapşırıqları bilikdən daha çox düzgün strategiya tələb edir:
“Mətni əvvəlcədən tam oxumaq vaxt itkisinə səbəb ola bilər. Audio başlamazdan əvvəl sualları diqqətlə nəzərdən keçirmək, açar sözlərin altından xətt çəkmək və nəyi axtardığını əvvəlcədən müəyyənləşdirmək vacibdir. Məqsəd hər şeyi başa düşmək deyil, suala düzgün cavab tapmaq olmalıdır.
İlk dinləmə zamanı detallara ilişmək yox, mətnin ümumi mövzusunu və əsas ideyasını anlamaq daha önəmlidir. "Kim danışır, nədən danışır, haradadır?" kimi sualların cavabını müəyyənləşdirmək kifayətdir. İkinci dinləmədə isə tarixlərə, rəqəmlərə, səbəb və nəticələrə diqqət yetirmək lazımdır.
Dinləmə mətnlərində bəzən çaşdırıcı ifadələr də olur. Məsələn, əvvəl bir variant səsləndirilir, sonra isə dəyişdirilir: "Mən avtobusla getmək istəyirdim, amma sonda taksi ilə getdim". Bu halda yalnız ilk deyilənə əsasən cavab yazmaq səhv nəticəyə gətirib çıxara bilər.
Açıq tipli suallarda, xüsusilə yazı tapşırıqlarında olduğu kimi, qrammatik qaydalara diqqət yetirilməlidir. "True, false, not given" tipli suallarda isə variantları tələsmədən oxumaq vacibdir, çünki cavablar çox vaxt bir-birinə oxşar olur.
Çətin suallara ilişib qalmaq əvəzinə onları keçib sonradan qayıtmaq daha məqsədəuyğundur. Oxu tapşırıqları sürət və diqqət tələb edir. Strategiyanı düzgün quran şagird zəif dil biliyi ilə belə yaxşı nəticə göstərə bilər”.