"Koroğlu" və "Ulduz"da yeni nəqliyyat qovşağı: layihə tıxacların qarşısını alacaq? - Ekspert rəyi

"Koroğlu" və "Ulduz"da yeni nəqliyyat qovşağı: layihə tıxacların qarşısını alacaq? - Ekspert rəyi Sosial

Son günlərdə metronun "Koroğlu" və "Ulduz" stansiyaları ətrafında müşahidə olunan nəqliyyat sıxlığının aradan qaldırılması üçün yeni təklif gündəmə gəlib. Yanaşmaya əsasən, qeyd olunan ərazilərdə yeni tip nəqliyyat qovşağının yaradılması planlaşdırılır.

Layihəyə görə, bu qovşaq eyni anda avtomobil yollarını, metro xəttini və dəmir yolunu birləşdirən kompleks bir sistem kimi fəaliyyət göstərəcək.

Lakin burada əsas sual yaranır: bir qovşaq daxilində bu qədər fərqli nəqliyyat növünü necə effektiv şəkildə birləşdirmək mümkündür? Belə bir sistem texniki və praktiki baxımdan nə dərəcədə realdır və mövcud nəqliyyat problemlərini həqiqətən həll edə bilərmi?

Məsələ ilə bağlı News24.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev xatırladıb ki, Bakı şəhərində “rəqəmsal əkiz” adlanan bir alət mövcuddur: "Bu alət müxtəlif məlumat mənbələri əsasında formalaşdırılıb. Buraya "VEIS" sistemindən əldə olunan səfər məlumatları, yəni gündəlik taksi sifarişləri, avtomobillərin hərəkət axını, "BakıKart" vasitəsilə toplanan məlumatlar, gün ərzində sərnişinlərin hansı nöqtələrdən istifadə etdiyini göstərən göstəricilər (istər avtobus, istər metro, istərsə də dəmir yolu üzrə), həmçinin icarəli mikromobillik vasitələrindən və NİİM-in kameralarından əldə olunan məlumatlar daxildir.

Toplanan bütün bu məlumatlar əsasında şəhərin rəqəmsal modeli — yəni “rəqəmsal əkiz” yaradılır. Bu model üzərində müxtəlif simulyasiyalar aparılır. Hər hansı layihə həyata keçirilməzdən əvvəl, həmin simulyasiyalar vasitəsilə layihənin mümkün nəticələri əvvəlcədən yoxlanılır və qiymətləndirilir.

Bu qiymətləndirmə həm mikrosəviyyədə (məsələn, konkret bir yol hissəsinə təsiri), həm də makrosəviyyədə (ümumilikdə şəhərin küçə və yol şəbəkəsinə təsiri) aparılır.

Bu alətin köməyi ilə bir çox layihələr planlaşdırılır və icra olunur. Bunlara ayrılmış avtobus zolaqları, mikromobillik zolaqları, dövlət proqramlarında nəzərdə tutulan istiqamətlər üzrə layihələr daxildir. Eyni zamanda, yeni yolların salınması, tramvay xətlərinin yaradılması, metro xətlərinin sərnişin axınına uyğun istiqamətlərdə genişləndirilməsi, dəmir yolu layihələri də bu sistem vasitəsilə planlaşdırılır.

Bundan əlavə, müxtəlif nəqliyyat növlərinin qovuşduğu ərazilərdə nəqliyyat mübadilə mərkəzlərinin təşkili də bu alətin imkanları hesabına həyata keçirilir. Bu qovşaqlardan biri "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi, digəri isə "28 May" nəqliyyat qovşağıdır. Yaxın zamanda "Dərnəgül" nəqliyyat qovşağı da bu cür mübadilə mərkəzinə çevrilir. Yəni dəmir yolu, metro və avtobus kimi nəqliyyat növləri bir nöqtədə birləşdirilir".

Ekspert "Ulduz" metrosu istiqamətində nəzərdə tutulan nəqliyyat qovşağı məsələsinə də aydınlıq gətirib: ""Ulduz" metrosu istiqamətində Həsən Əliyev küçəsinin davamı olaraq dəmir yolu xətti və "Bakmil" deposunun altından keçən tunel tipli yol ötürücüsünün tikilməsi nəzərdə tutulur. Bu yol ötürücüsü Volodarski və Xəlil Rza Ulutürk küçələri ilə əlaqələndiriləcək.

Layihə həmin istiqamətdə yeni avtobus marşrutlarının təşkilinə şərait yaradacaq və nəticədə "Ulduz" metrosundan istifadə edən sərnişinlərin sayının artmasına səbəb olacaq.

"Ulduz" metrosuna təsir göstərə biləcək digər layihələrdən biri də Müzəffər Nərimanov küçəsinin Babək prospekti və 8 Noyabr prospekti ilə əlaqələndirilməsidir. Bu layihələrin tam icrasından sonra "Ulduz" ərazisinin də nəqliyyat qovşağı kimi formalaşması mümkün bilər və mövcud yüklənmə qismən azaldıla bilər.

Lakin "Koroğlu" nəqliyyat qovşağı üzərindəki yükün azalmasına əsas təsir edəcək layihə Bakının metro sistemində dairəvi xəttin tikintisi hesab olunur. İlkin mərhələdə, 2030-cu ilə qədər planlaşdırılan layihə "Xətai" metrosundan "Həzi Aslanov" metrosuna qədər "8 Noyabr" prospekti boyunca yeni metro xəttinin çəkilməsidir. Bu xəttin davamı isə 2030-cu ildən sonra "Həzi Aslanov"dan Zığ, Yeni Günəşli, Qaraçuxur, Bakıxanov, Koroğlu və Dərnəgül istiqamətlərini əhatə edəcək.

Beləliklə, uzunluğu 40 km-dən bir qədər artıq olan dairəvi — “yaşıl xətt” formalaşdıqdan sonra şəhərin müxtəlif nöqtələrində yeni nəqliyyat qovşaqlarının yaradılması mümkün olacaq. Bu qovşaqlardan biri də "Bakıxanov" olacaq".

Ekspertin sözlərinə görə, "Bakıxanov" və "Koroğlu" artıq şəhərin kənar əraziləri deyil, əsas nəqliyyat mərkəzlərindən biri kimi formalaşacaq: "Bu layihənin əsas məqsədi "Bakıxanov"da elə bir stansiya yaratmaqdır ki, o, nəqliyyat yükünün böyük hissəsini öz üzərinə götürə bilsin. Çünki "Bakıxanov" ərazisindən həm dəmir yolu keçir, həm də artıq mövcud avtobus marşrutları fəaliyyət göstərir.

Bu əraziyə metro bağlantısı da əlavə edildikdə, vahid nəqliyyat qovşağı — yəni “hub” formalaşır. Bunun nəticəsində şəhər ətrafından, kənd və qəsəbələrdən gələn insanlar üçün dəmir yoluna daha qısa məsafədə və daha rahat çıxış imkanı yaranır. Eyni zamanda, burada müxtəlif yeni marşrutların təşkili ümumi nəqliyyat axınlarına təsir göstərməyə və onları daha səmərəli şəkildə bölüşdürməyə imkan verir".