Əlilliyi olan şəxslər üçün "keçilməz" Bakı: Maneələr, təhlükəli yollar və yarımçıq layihələr – ARAŞDIRMA

Əlilliyi olan şəxslər üçün "keçilməz" Bakı: Maneələr, təhlükəli yollar və yarımçıq layihələr – ARAŞDIRMA Sosial

Ombudsman Aparatı Bakı şəhərinin mərkəzində yerləşən infrastruktur obyektlərinin əlilliyi olan şəxslər üçün müyəssərliyi ilə əlaqədar hesabat hazırlayıb. Monitorinq zamanı Dənizkənarı Milli Park və orada yerləşən iki iri ticarət obyekti, habelə Qız qalasının ətrafı, Fəvvarələr meydanı, Xaqani bağı, Azneft meydanının ətraf ərazilərinə baxış keçirilərək mövcud infrastrukturun müyəssərliyi qiymətləndirilib.

Hesabata əsasən, əlilliyi olan şəxslərin hərəkəti üçün Dənizkənarı Milli Park və Sahil metrosunun girişində, Dövlət Kukla Teatrı yaxınlığından M.Ə.Rəsulzadə küçəsi və Ağ zanbaqlar parkına keçiddə və bəzi yerlərdə maneələr mövcuddur.

Belə ki, avtobus dayanacağı ilə yol səthi arasında hündür bordür daşlarının mövcud olması, həmçinin bu səviyyə fərqinin pandus və ya digər vasitə ilə aradan qaldırılmaması təkərli oturacaqdan istifadə edən şəxslərin avtobusa birbaşa və rahat şəkildə daxil olmasına maneə yaradır. Digər tərəfdən Dənizkənarı Milli Park və Sahil metrosunun girişi arasındakı yeraltı keçiddə quraşdırılan pandus mövcud standartlara cavab vermir, səth örtüyü isə mərmərdən istifadə olunması səbəbindən sürüşkən olduğundan təhlükəsiz istifadə üçün uyğun deyil. Bununla yanaşı nəqliyyat növü olaraq metroda əlçatanlıqla bağlı məhdudiyyətlərin olması, həm də metro çıxışından Bulvar ərazisinə keçmək üçün yeraltı keçiddə yalnız eskalator və pilləkənli girişin mövcud olması həmin qrupa daxil olan şəxslərin tələbatlarına cavab vermir. Eyni zamanda şəxsi avtomobillə Bulvar ərazisinə gələn əlilliyi olan şəxlər üçün yeraltı parkinqin giriş-çıxışında uyğunlaşma tədbirlərinin görülməsinə ehtiyac var.

keçid

Monitorinq zamanı Fəvvarələr Meydanında pandusların mövcudluğu müşahidə edilsə də, onların bir çoxunun funksionallıq və normativ tələblərə uyğunluq baxımından təkmilləşdirilməsinə ehtiyac olduğu qeyd edilib. Eyni zamanda, bir sıra ictimai iaşə obyektlərinin önündə mövcud olan pandusların normativ tələblərə cavab vermədiyi müşahidə olunub. Bəzi hissələrdə ümumiyyətlə, pandusların olmaması və ya natamam formada planlama, eləcə də pandusun eninin az olması müəyyən edilib.

keçid1

Həmçinin Azərbaycan kinoteatrına giriş yalnız pilləkənlər vasitəsilə olduğundan təkərli oturacaqdan istifadə edən əlilliyi olan, eləcə də müvəqqəti fiziki məhdudiyyəti olan şəxslər həmin obyektə sərbəst və müstəqil şəkildə daxil olmaq imkanından məhrum olurlar. Monitorinq zamanı müəyyən edilib ki, “Four Seasons” hotelinin qarşısından Dənizkənarı Milli Parka çıxışı təmin edən yeraltı keçiddə quraşdırılmış qaldırıcı qurğular da işlək vəziyyətdə deyil.

Qeyd edilib ki, monitorinqin nəticələri ilə əlaqədar Ombudsman tərəfindən aidiyyəti qurumlara məktublar ünvanlanıb.

Mövzu ilə bağlı News24.az-a danışan Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimlinin, fikrincə, əlilliyi olan şəxslər ictimai nəqliyyatda və binalarda hələ də ciddi çətinliklərlə üzləşirlər:

“Lakin bu sahədə ümumiyyətlə, heç bir şəraitin yaradılmadığını demək də doğru olmaz. Müəyyən dərəcədə müyəssər mühit formalaşdırılmış yerlər də mövcuddur. Bu, bəzi küçələrə, müəyyən dayanacaqlara və ictimai məkanlara aiddir. Yəni vəziyyəti tamamilə “heç nə yoxdur” kimi qiymətləndirmək düzgün yanaşma deyil, mövcud müsbət nümunələri də qeyd etmək vacibdir.

Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli

Məncə, ilk növbədə, mövcud imkanlar və müyəssər mühit nümunələri vurğulanmalı, daha sonra isə çatışmazlıqlar və həllini gözləyən problemlər diqqətə çatdırılmalıdır”.

Sosial məsələlər üzrə ekspert Sevda Səfərəliyeva isə bildirib ki, əlilliyi olan şəxslər üçün şəhərdə bir çox problemlər var:

Sevda Səfərəliyeva

"Yeraltı keçidlər əlilliyi olan şəxslər üçün əlçatan deyil. Əlilliyi olan şəxs harasa getmək istəyəndə, gərək taksi ilə getsin. Əlil arabası da hər taksiyə yerləşmir".

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev də bildirib ki, şəhərdə müyəssərliklə bağlı ciddi problemlər mövcuddur və fiziki cəhətdən sağlam insanlar belə rahat hərəkət edə bilmirlər:

"Piyada infrastrukturu çox zəif vəziyyətdədir. Səkilər davamlı deyil və inklüzivlik elementləri yarımçıq şəkildə tətbiq olunub. Bəzi yerlərdə bu elementlər yalnız bir tərəfdə mövcuddur, digər tərəfdə isə yoxdur və ya ümumiyyətlə tətbiq edilməyib. Bundan əlavə, piyada səkiləri tez-tez zəbt olunur. Bu problemlər aradan qaldırılmalıdır”.

 Rauf Ağamirzəyev

Ekspertin fikrincə, qanunvericilikdə daha sərt tədbirlər tətbiq edilməli və bu sahədə cərimələr gücləndirilməlidir:

“Eyni zamanda, müyəssərliklə bağlı geniş maarifləndirməyə və vahid standartların tətbiqinə ehtiyac var”.

Rauf Ağamirzəyev qeyd edib ki, beynəlxalq təcrübədən, xüsusilə Yaponiyada tətbiq olunan yaşlılıq simulyasiyası metodundan istifadə etmək olar:

“Belə simulyasiyalar vasitəsilə mütəxəssislər yaşlı və ya məhdud hərəkət qabiliyyətli insanların qarşılaşdığı çətinlikləri öz üzərlərində hiss edə bilərlər. Bu isə onların layihələndirdikləri infrastrukturu daha düzgün və inklüziv şəkildə qurmasına kömək edər.

Nəticə olaraq, mövcud standartların yenilənməsinə və bu sahədə daha sistemli yanaşmanın tətbiqinə ciddi ehtiyac var".

Maraqlıdır, bəs Ombudsman Aparatının monitorinq nəticələrinə uyğun olaraq aidiyyəti qurumlar hansı tədbirləri görəcək?

Məsələ ilə bağlı News24.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, əlilliyi olan şəxslərin ehtiyaclarının nəzərə alınmasına layihələndirmə və tikinti mərhələsində nazirlik dövlət nəzarəti həyata keçirir:

FHN

“Eyni zamanda Baş Dövlət Tikinti Müfəttişliyi də tikinti obyektində görülən işlərin layihəyə uyğunluğunu təmin edir və tikintinin başa çatmasına qədər dövlət nəzarətini həyata keçirir. Binaların layihələndirilməsi mərhələsində əlilliyi olan şəxslərin tələbatları nəzərə alınır. Giriş meydançalarında pandus və məhəccərlərin, həmçinin liftlərin quraşdırılması və s. tədbirlər layihədə öz əksini tapır. Sahil zonasının bir hissəsi üzrə 2020-ci ildə Bulvar İdarəsi tərəfindən yalnız Bayraq Meydanı və Bayraq Dirəyi ilə bağlı təqdim edilən “Ümumi Bulvarın abadlaşdırılması və bərpası” layihələrində əlilliyi olan şəxslərin tələbatlarının nəzərə alınması üçün müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən sorğumuza cavab olaraq bildirilib ki, əlilliyi olan şəxslərin maneəsiz hərəkətinin təmin edilməsi və onlar üçün zəruri həyat şəraitinin yaradılması istiqamətində hazırlanan Qaydalar üzərində iş artıq yekun mərhələdədir:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

"Sənəd layihəsi bütün aidiyyəti dövlət qurumları ilə tam razılaşdırılıb. Hazırda layihə son yoxlama və hüquqi ekspertiza mərhələsindədir".

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) sorğumuza cavab olaraq bildirilib ki, yeraltı və yerüstü piyada keçidlərində nasaz vəziyyətdə olan eskalator və liftlərin təmiri istiqamətində işlər həyata keçirilir:

"Aparılan texniki baxışlar nəticəsində bəzi eskalator və liftlərdə mexaniki nasazlıqlar, eləcə də istismar müddətini başa vurmuş detallar aşkar edilib. Bununla əlaqədar olaraq təmir və bərpa işlərinə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Artıq bir neçə ərazidə eskalatorların təmiri yekunlaşdırılıb, avadanlıqlar tam işlək vəziyyətə gətirilərək vətəndaşların istifadəsinə verilib. Hazırda digər keçidlərdə də mərhələli şəkildə bərpa işləri davam etdirilir”.

Qeyd edilib ki, ehtiyat hissələrinin xaricdən sifariş olunması səbəbindən bəzi qurğuların tam işlək vəziyyətə gətirilməsi müəyyən vaxt tələb edir.

Bildirilib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində şəhər üzrə bütün yeraltı və yerüstü piyada keçidlərində quraşdırılmış eskalatorların vəziyyəti ilə bağlı genişmiqyaslı monitorinqlər aparılır:

“Monitorinqlərin nəticələrinə əsasən, hər bir keçid üzrə texniki vəziyyət qiymətləndirilir, eskalatorların yenilənməsi, müasir standartlara cavab verən avadanlıqlarla əvəz olunması və texniki xidmətin keyfiyyətinin artırılması istiqamətində təkliflər hazırlanır".

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə sorğumuza cavab olaraq bildirilib ki, hazırda vəziyyətlə bağlı hər hansı yenilik gözlənilmir: "Yenilik olduğu təqdirdə ictimaiyyətə məlumat veriləcək".

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

"Bakı Metropoliteni" QSC-dən sorğumuza cavab olaraq verilən məlumata görə, əlilliyi olan sərnişinlərin metro xidmətlərindən təhlükəsiz və maneəsiz istifadəsinin təmin olunması prioritet istiqamətlərindən biridir.

Bildirilib ki, Bakı Metropoliteninin bir sıra stansiyaları əvvəlki dövrlərdə inşa edildiyindən onların hamısında fiziki əlçatanlıq imkanları (lift) mövcud deyil:

“Mövcud məhdudiyyətlərin kompensasiya edilməsi məqsədilə “Əlçatan Metro” layihəsi çərçivəsində xüsusi texniki vasitələrdən (mobil qaldırıcı qurğular və digər köməkçi avadanlıqlar) istifadə olunur, eyni zamanda xüsusi təlim keçmiş əməkdaşlar tərəfindən sərnişinlərə müşayiət xidməti göstərilir. Hazırda metropoliten üzrə əlil arabalarının pilləkən və eskalatorlar vasitəsilə təhlükəsiz daşınmasını təmin edən 14 ədəd xüsusi qurğu istismardadır. Bununla yanaşı istismarda olan qatarların baş vaqonlarında ehtiyacı olan sərnişinlər üçün ayrılmış yerlər mövcuddur. Əvvəlcədən məlumatlandırma tələbi bu xidmətin təhlükəsiz, fasiləsiz və operativ şəkildə təşkil edilməsinə şərait yaradır. Sərnişinlər əvvəlcədən metropoliten üzrə növbətçiyə (+994 50 268 00 65 nömrəli telefona) zəng edə, mesaj göndərə və ya (https://metro.gov.az/en/page/ elaqe/elektron-muraciet) linkdə qeyd edilən mobil əlavə vasitəsilə müraciət edə bilirlər”.

"Bakı Metropoliteni" QSC

Qeyd edilib ki, “Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun inkişafına dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda inklüzivliyin təmin edilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib:

“Bu çərçivədə layihələndirilən və mərhələli şəkildə istismara verilməsi nəzərdə tutulan yeni metro stansiyalarında əlilliyi olan şəxslər üçün maneəsiz və tam əlçatan infrastrukturun yaradılması əsas tələblərdən biri kimi nəzərə alınır. Əlçatanlığın artırılması istiqamətində infrastruktur üzrə işlər davam etdirilir. Belə ki, “Gənclik”, “Nərimanov”, “İnşaatçılar”, “Neftçilər” və “Qara Qarayev” stansiyalarında taktil zolaqların quraşdırılması yekunlaşdırılıb, bununla da ümumilikdə 18 stansiyada bu imkan təmin olunub. Bütün stansiyalarda sərnişinlər üçün müşayiət və xüsusi daşınma xidmətləri mövcuddur. Əlilliyi olan şəxslərin müstəqil hərəkət imkanlarının daha da genişləndirilməsi məqsədilə mövcud xidmət modelinin təkmilləşdirilməsi və xidmətin daha operativ və çevik şəkildə təşkili istiqamətində tədbirlər nəzərdən keçirilir".