Məktəb bufetlərində nə baş verir? - Mütəxəssisdən XƏBƏRDARLIQ

Məktəb bufetlərində nə baş verir? - Mütəxəssisdən XƏBƏRDARLIQ Sosial

Ötən ay ümumilikdə 263 məktəbdə ciddi sanitar pozuntular aşkarlanıb. Belə ki, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qeyri-qənaətbəxş olması, məhsulların saxlanması zamanı temperatur rejiminə düzgün əməl edilməməsi, işçilərin məcburi tibbi müayinədən keçməməsi və şəxsi gigiyena qaydalarına riayət olunmaması kimi nöqsanlar müəyyən edilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən cari ilin mart ayı ərzində ümumilikdə 390 ümumtəhsil müəssisəsində monitorinqlər keçirilib. Yoxlamalar zamanı 23 məktəbdə istifadə müddəti bitmiş, 5 məktəbdə isə bufetdə satışı qadağan olunan məhsullar aşkar edilib.

Məsələ ilə bağlı News24.az-a açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, məktəblərdə qida təhlükəsizliyi sahəsində daha ciddi tədbirlərin görülməsinə ehtiyac var:

"Məktəblərdə qidalananlar uşaqlar və yeniyetmələr olduğu üçün onların sağlamlığının düzgün formalaşması ümumilikdə cəmiyyətin sağlamlığına birbaşa təsir göstərir. Bu səbəbdən məktəb bufetlərində təqdim olunan qidaların keyfiyyəti, təzəliyi, təhlükəsizliyi və uşaqların inkişafına uyğun balanslaşdırılması əsas şərtlərdən biri olmalıdır. Uzun müddət saxlanılan və kimyəvi qatqılarla zəngin paketlənmiş məhsulların sayı minimuma endirilməli, qidalar gündəlik olaraq təzə hazırlanmalı və tərkibində karbohidrat, yağ, zülal, vitamin və mineralların balansı qorunmalıdır.

Eyni zamanda bufetlərdə alternativ olaraq təzə mövsümi meyvə və tərəvəzlərin təqdim olunması, onların əlçatanlığının təmin edilməsi və sanitar-gigiyena qaydalarına uyğun şəkildə hazırlanaraq verilməsi vacibdir. Münasib qiymətə çərəzlərin satışı da uşaqların çips, kraker və digər uzunmüddətli paketlənmiş məhsullardan uzaq qalmasına töhfə verə bilər.

Qazlı, rəngli və şəkərli içkilər əvəzinə adi su və ya ev şəraitində hazırlanmış az şəkərli kompotların seçilməsi daha faydalı hesab olunur. Eyni zamanda çox şəkərli şirniyyatların, kremli tort və pirojnaların satışı minimuma endirilməlidir. Çünki bu məhsullarda ucuzluq məqsədilə istifadə olunan keyfiyyətsiz yağlar uşaqların sağlamlığına ciddi zərər vura bilər".

Mütəxəssis həmçinin gigiyena məsələlərinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb:

“Bəzi böyük məktəblərdə yalnız bir və ya iki satıcı fəaliyyət göstərir və onlar gigiyena qaydalarına tam əməl etmədən həm qida məhsullarına, həm də pula toxunurlar ki, bu da çarpaz çirklənməyə səbəb olur. Əllər mütəmadi yuyulmalı və dezinfeksiya edilməli, baş örtüyü, xüsusi geyim və əlcəklərdən istifadə olunmalıdır.

Bəzi hallarda məkanın kiçikliyi səbəbindən bişmiş və çiy məhsullar eyni yerdə saxlanılır. Gündəlik hazırlanan sendviçlər soyuducuda saxlanmalı olduğu halda, bəzən adi şəraitdə saxlanılır ki, bu da qaydaların pozulması deməkdir. Məhsulların son istifadə müddəti mütəmadi yoxlanılmalı, saxlama şəraiti isə göstərilən tələblərə uyğun olmalıdır".