"Məktəb və universitetlərdə geniş maarifləndirmə layihələri icra olunur"
Sosial
“Azərbaycanın bütün ümumtəhsil məktəblərində və ali təhsil müəssisələrində kütləvi maarifləndirmə layihələri həyata keçirilir. Bu istiqamətdə Elm və Təhsil Nazirliyi tərəfindən müxtəlif qurumlarla birgə layihələr hazırlanır və mərhələli şəkildə icra olunur”.
News24.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini, rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorunun müdiri Ayla Həsənova bildirib.
Onun sözlərinə görə, həyata keçirilən layihələrin əsas məqsədi şagird və tələbələrin məlumatlılıq səviyyəsini artırmaq, onları müasir çağırışlar, xüsusilə rəqəmsal mühitdə mövcud risklər və təhlükələr barədə maarifləndirməkdir:
“Bu təşəbbüslər çərçivəsində məktəblərdə və universitetlərdə müxtəlif təlimlər, seminarlar, interaktiv görüşlər və təqdimatlar təşkil olunur. Layihələr yalnız nəzəri biliklərlə məhdudlaşmır, eyni zamanda iştirakçıların praktik bacarıqlarının inkişafına da yönəlib. Şagird və tələbələrə informasiya təhlükəsizliyi, düzgün informasiya seçimi, media savadlılığı və sosial şəbəkələrdən məsuliyyətli istifadə kimi mövzular izah edilir”.
Nazirlik rəsmisi vurğulayıb ki, bu cür maarifləndirmə tədbirləri gənclərin daha məlumatlı, məsuliyyətli və tənqidi düşünən fərdlər kimi formalaşmasına töhfə verir.