Məktəblərdə intizam göstəriciləri açıqlandı: Minlərlə şagirdə qırmızı kart verildi
Sosial
"Nümunəvi davranışa görə 50 minə yaxın şagird virtual yaşıl kart alıb. Şagirdlərə verilən virtual yaşıl kartların çoxluğu məktəblərdə müsbət davranışların üstün hal aldığını göstərir".
News24.az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırovun media üçün keçirilən brifinq zamanı deyib.
O bildirib ki, ölkə üzrə fəaliyyət göstərən ümumtəhsil müəssisələri özünün “Ümumi təhsil müəssisələrində təhsilalanların intizam Qaydaları” sənədini hazırlayıb.
"Qaydalara əsasən, şagirdlərə verilən yaşıl, sarı və qırmızı virtual kartların statistik müqayisəsi aparılıb. Yaşıl kartların yüksək göstəricisi məktəb mühitində pozitiv dəyişikliklərin baş verdiyini təsdiqləyir. Belə ki, cari ilin yanvar və fevral aylarında təqdim olunan hesabatlara əsasən ölkə üzrə ümumtəhsil məktəblərində verilən sarı kartların sayı 29 161, qırmızı kartların sayı 5831, yaşıl kartların sayı isə 46 383 olub".