"Məni çox istə, sığalla, qulaq as!" - Evdən küsən balaca Səid
Sosial
Siz də bu yaşda küsüb evdən getsəniz, xəbərlərə çıxardınız?
Dünən hamımız gördük ki, xəbər saytlarının lentinə, sosial şəbəkənin gündəminə düşməyimiz sadəcə an məsələsidir. Evdən qaçan 8 yaşlı Səid kimi.
Polis əməkdaşlarına rast gələn balaca kimliyini müəyyənləşdirmək üçün aparılan sorğu-sualda “anamdan küsmüşəm” deyirdi.
Bu cümlə ilk anda “şıltaqlığa bax” dedirtsə də, bir az dərindən düşünəndə, uşaqlığımızı yada salanda ürəyimi sızlatdı. Bu məqamda bəlkə də valideyn olanlar daha çox ana-ata tərəfdə dayanmışdı, uşaq tapılanadək onların keçirdiyi təşvişi hiss edirdi. Amma hadisəyə uşağın gözü ilə baxanda mənzərə dəyişirdi.
Anasının dediyinə görə, oğlu itməzdən əvvəl küçədə uşaqlarla oynayırmış. Top üstündə dalaşıblar, ana da acıqlanıb topu əlindən alıb. “Tərbiyə” üçün atılan kiçik bir addım balacanın küsməsi və bütün şəhərin ayağa qalxması ilə nəticələndi.
Görünür, o da bu yolla anasına nəsə demək istəyib. Axı uşaqlar çox vaxt sözlərlə yox, davranışlarla danışırlar.
Xəbəri oxuyarkən səhər müşahidə etdiyim başqa bir mənzərə yadıma düşdü. Anasının bağçaya apardığı qızcığaz yolboyu gah ağlayır, gah çantasını kənara itələyir, gah ərköyünlük edib ayağa qalxmaq istəyirdi. Mən isə ananın reaksiyasına baxırdım. Ana onun ayaqqabılarını təmizləyir, üst-başını səliqəyə salmağa çalışırdı. Amma mənə elə gəlirdi ki, o uşaq sadəcə bağçaya getmək istəmir.
Ona görə yox ki, bağçada ona pis baxırlar, xeyr, sadəcə anasının qucağından doymayıb. Bəlkə səhər yuxudan yarımçıq oyadılıb, iştahsız halda məcbur bir-iki loxma yedizdirilib, tələsik hazırlanıb və yola çıxıblar. İndi onun ayaqqabısının təmiz olmasına yox, anasının qucağına ehtiyacı var idi. Bəlkə də o an istədiyi səliqə yox, sevgi, təhlükəsizlik hissi idi. İndi buna ərköyünlük deyib balacanı qınamaq olarmı?

İnsan lap 50 yaşında da anasının qucağına ehtiyac duyur. Bəlkə də əzizlərimiz tərəfindən qucaqlanmağın sinir sistemimizə bu qədər yaxşı təsir etməsinin səbəbi körpə vaxtı o qucaqda hiss etdiyimiz təhlükəsizliyi xatırlamağımıza görədir.
“İndiki dövrün uşaqları...” deyə başlayan tənqidi cümlələri sevmirəm. Buna görə 8 yaşlı oğlanın evdən qaçmağını dövrün ayağına yaza bilmirəm. Bir az öz uşaqlığımızı da xatırlayaq.
Məgər biz uşaq vaxtı küsməmişik? Gizlənməmişik? Qapı arxasında, divan altında, nənə-baba evində, qonşunun həyətində it-bat olmamışıq? Biz də küsmüşük, biz də etiraz etmişik. Sadəcə bizim etirazımız internet dövrünə düşməyib. Biz itəndə maksimum ev telefonu ilə axtarıblar, kənddə isə harayla, səs-küylə. Axırda kimsə təsadüfən bizi gizləndiyimiz yerdən tapıb çıxarıb. Daha bir həngamə isə bundan sonra başlayıb. “Dərs olsun” deyə döyülmək, qorxudulmaq, susdurulmaq… O zaman bunu tərbiyə üsulu sayırdılar.
İndi zaman dəyişib. Yaxşı ki, dəyişib. Uşağa əl qaldırmaq qəbuledilməzdir. Zorakılıq yerini izaha, dialoqa, psixologiyaya verib. Amma biz bəzən hələ də köhnə dövrün travmaları ilə yeni dövrün uşaqlarını böyütməyə çalışırıq. Elə 8 yaşlı oğlanın anasının reaksiyası kimi – dinləmirik, acıqlanırıq və cəza veririk. Belə etməklə canımızdan bir parça olan övladlarımızı çarəsizliklə üz-üzə qoyuruq.
Gəlin qəbul edək ki, küsmək, gizlənmək, evdən qaçmaq – bunlar uşaq dilində etiraz formasıdır. Bu davranışların altında bir cümlə yatır: “Məni daha çox sev!” Uşaq “mənə sığal çək”, “məni eşit” deyə bilmir. O, bunu əvvəldə qeyd etdiyim nümunələrdə də olduğu kimi ağlamaqla, nadincliklə, etirazla, qaçmaqla ifadə edir.

Doğrudur, valideyn olmaq bütün dövrlərdə çətin, məsuliyyətli olub. İndi sadəcə bu məsuliyyətin forması dəyişib. Əvvəllər ənənəvi üsullar işə yarayırdısa, indi pedaqoqların, psixoloqların söylədiyi, zamanla ayaqlaşan metodlar önə çıxır. Ona görə analar daha çox oxuyur, öyrənir, təcrübələrini paylaşırlar. Çünki uşaqlar təkcə yemək, geyimlə kifayətlənmək istəmirlər. Onlar başa düşülmək, eşidilmək, sayılmaq istəyirlər.
Bizim çoxumuz isə bunları uşaqlıqda itirib, sonra böyüyəndə kitablarla, terapiyalarla, təlimlərlə geri qazanmağa çalışan nəsilik. Halbuki bu ehtiyaclar doğulandan hamımızda var idi. Sadəcə daha sərt valideynlik modelləri, məhrumiyyətli dövrlər və cəmiyyətin ümumi psixoloji fonu ilə yavaş-yavaş əlimizdən alınmışdı.
Ona görə də bu gün bir uşağın küsməyi mənə dram yox, mesaj kimi gəlir. Bu, şıltaqlıq deyil. Bu, təhlükə siqnalı da deyil. Bu, sadəcə bir çağırışdır:
“Məni eşit”, “məni gör”, “məni daha çox istə!”
Bəzən bir qucaq, bir sığal, sakit səs tonu yüz qaydadan, min cəzadan daha güclü təsir edir. Çünki uşaqlar qaydalarla deyil, sevgi ilə böyüyürlər.