MÜTDA məktəblərdə baş verənlərə MÜNASİBƏT BİLDİRDİ

MÜTDA məktəblərdə baş verənlərə MÜNASİBƏT BİLDİRDİ Sosial

Ölkədə fəaliyyət göstərən təxminən 4 min ümumtəhsil müəssisəsində şagirdlər, müəllimlər və valideynlər də daxil olmaqla hər bir məktəbdə gündəlik olaraq 1000-dən çox insanın qarşılıqlı ünsiyyətdə olduğunu görərik. Bu miqyas təhsil mühitini zəngin sosial platformaya çevirir, eyni zamanda müəyyən hallarda fikir ayrılıqları və münaqişələrin yaranmasını da qaçılmaz edir.

News24.az xəbər verir ki, bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov media üçün keçirilən brifinq zamanı səsləndirib.

Onun sözlərinə görə, məktəblərdə baş verən hadisələrin qarşısının alınmasında əsas məsuliyyət pedaqoji heyətin üzərinə düşür.

Eşqi Bağırov bildirib ki, son hadisələr yalnız məktəblərə çantalarda gətirilən arzuolunmaz əşyalarla bağlı deyil və bu cür hallar məktəbdənkənar mühitdə də müşahidə olunur.

O vurğulayıb ki, mühafizə xidmətinin bu cür hadisələrin qarşısını tam şəkildə, yəni 100 faiz almaq və onları sıfıra endirmək imkanı yoxdur. Onun fikrincə, pedaqoji heyətin üzərinə düşən vəzifələri vicdanla yerinə yetirməsi hadisələrin əhəmiyyətli hissəsinin qarşısını ala bilər, lakin bu halları tamamilə aradan qaldırmaq mümkün deyil.

"Mütəmadi olaraq DİN və aidiyyəti digər qurumlarla birlikdəbirlikdə məktəblərə reydlər təşkil edilir. Şagird intizam qaydalarında məktəbə gətirilməsi qadağan edilmiş əşyaların məktəbli çantasında tapılması halları ciddi nəzarətə götürülür", - deyə Eşqi Bağırov qeyd edib.