"Onlar karyeralarına, şəxsi azadlıqlarına daha çox önəm verirlər"
Sosial
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar–avqust ayları ərzində Azərbaycanda 63 698 uşaq doğulub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə azalma nümayiş etdirir. 2024-cü ilin yanvar–avqust aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 68 129 körpə qeydə alınmışdı. Ümumilikdə, 2022-ci ildə 122 846, 2023-cü ildə 112 620, 2024-cü ildə isə 102 310 uşaq dünyaya gəlib.
Statistik nəticələr göstərir ki, doğum səviyyəsində azalma tendensiyası ardıcıl şəkildə davam edir. 1991-ci ildə Azərbaycanda 190 mindən bir qədər çox, 2011-ci ildə təxminən 176 min, 2024-cü ildə isə cəmi 102 min uşaq doğulub.
Rəqəmlər göstərir ki, ölkədə əhali artımı davam etsə də, doğuşların sayı son illərdə sürətlə azalır. Statistikaya əsasən, son on ildə doğum səviyyəsi təxminən 60 faiz aşağı düşüb.
Bəs bu azalma nədən qaynaqlanır? Sosial dəyişikliklər, yoxsa ailə dəyərlərinə münasibətin fərqlənməsi?
Məsələ ilə bağlı News24.az-a danışan sosioloq Mail Yaqublu bildirib ki, doğum sayının azalması təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində müşahidə olunan ümumi sosial tendensiyadır.
“Bizim kimi Rusiya və digər Avropa ölkələrində də doğum göstəriciləri ildən-ilə aşağı düşür. Əsas səbəblərdən biri sosial-iqtisadi amillərlə bağlıdır. İnsanlar sabit gəlirə, mənzil şəraitinə və gələcəklə bağlı inama malik olmadıqda, ailə planlamasında daha ehtiyatlı davranırlar. Maddi imkanların məhdudluğu, işsizlik, yaşayış xərclərinin artması doğum qərarına birbaşa təsir göstərir. Bundan əlavə, son illər insanların həyat və düşüncə tərzi dəyişib. Gənclər artıq çoxuşaqlı ailə modelinə deyil, daha rahat və az məsuliyyətli həyata üstünlük verirlər".
Mail Yaqublunun sözlərinə görə, ailələr artıq bütün həyatlarını uşaqların qayğısına sərf etmək istəmirlər. Onlar karyeralarına, şəxsi azadlıqlarına və fərdi rifahlarına daha çox önəm verirlər:
“Bu meyil getdikcə güclənərsə, yaxın onilliklərdə əhali artımında ciddi disbalans yarana bilər. Əgər bu proses belə davam edərsə, ölkənin demoqrafik strukturu dəyişəcək. Gənc nəsil azalacaq, yaşlı əhali faizi isə artacaq. Bu isə əmək bazarına, sosial təminat sisteminə və iqtisadi dinamizmə birbaşa təsir göstərəcək. Ona görə də dövlət səviyyəsində bu məsələ xüsusi diqqət mərkəzində olmalıdır”.
Sosioloq hesab edir ki, problemin qarşısını almaq üçün kompleks tədbirlər görülməlidir:
“İlk növbədə, ailələrə sosial dəstək mexanizmləri genişləndirilməlidir. Uşaq pulu sisteminin bərpası bu baxımdan vacib addım ola bilər. Bundan başqa gənc ailələr üçün mənzil proqramları, uşaq bağçaları və analar üçün iş imkanlarının artırılması kimi sosial təşəbbüslər dəstəklənməlidir. Yalnız bu halda doğum səviyyəsində müəyyən artım müşahidə oluna bilər. Əks halda, azalan doğum göstəriciləri gələcəkdə milli demoqrafik təhlükəsizlik məsələsinə çevrilə bilər".