Ötən il qeydə alınan qohum nikahlarının sayı açıqlandı
Sosial
"Qohumlar arasındakı nikahın qadağan edilməsi ilə bağlı qanuna müvafiq dəyişiklik etdik. Düşündük ki, bu qərar cəmiyyəti belə addımlardan çəkindirəcək. Amma statistikaya baxanda görürük ki, vəziyyət heç də yaxşı deyil. 2025-ci ildə bu rəqəm aşağı ensə də, hələ də 1412 qohum nikahı qeydə alınıb. Bu, çox ciddi məsələdir".
News24.az xəbər verir ki, bunu deputat Azay Quliyev parlamentin bugünkü plenar iclasında, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.
Deputat qohum evliliklərinin ciddi fəsadlara yol açdığı ilə bağlı maarifləndirmənin artırılmasını, genişləndirilməsinin vacib olduğunu deyib:
"Sual olunur: vətəndaşlar və yaxud nikaha razılıq verən valideynlər qanunvericilikdən xəbərsizdilər, yoxsa hələ də köhnə düşüncə tərzi ilə hərəkət edirlər? Onlar bunun fəsadlarını görüb fərqinə varmırlar? Baxmayaraq ki, bu barədə xeyli danışılıb, kifayət qədər maarifləndirmə işi aparılıb.
Amma indi statistikaya baxırıq; hüquq-mühafizə orqanları belə halların qarşısını almaq üçün addımlar atır, bəziləri inzibati, bəziləri isə cinayət məsuliyyətinə cəlb edilib. Bu məsələdə vətəndaş cəmiyyəti olaraq hamımız fəal olmalıyıq".