Qeyri-sabit havanın fəsadları: Meyvə-tərəvəz bahalaşacaqmı?
Sosial
Yayın ilk ayı başlasa da, hava mövsümə uyğun keçmir. Yağıntıların normadan artıq olması, dolu və güclü külək, eləcə də, havanın nisbətən sərin keçməsi kənd təsərrüfatı sahəsinə təsirsiz ötüşmür.
Xüsusilə meyvə və tərəvəz yetişdirilən bölgələrdə yağıntıların çox düşməsi fermerlər arasında narahatlıq yaradıb.
Bəs qeyri-sabit hava şəraitinin kənd təsərrüfatına necə təsir göstərir? Daha doğrusu, meyvə və tərəvəzlərin məhsuldarlığında azalma olacaqmı? Yağıntıların bazardakı qiymətlərə və məhsul təminatına təsiri nə dərəcədə olacaq?
Məsələ ilə bağlı News24.az-a danışan tanınmış iqtisadçı Vahid Məhərrəmli bildirib ki, qlobal istiləşmənin təsirləri son illərdə Azərbaycanda da daha qabarıq şəkildə hiss olunmağa başlayıb: "Baxmayaraq ki, hava kəskin dəyişir, intensiv və leysan xarakterli yağışlar yağır, dolu düşür, buna şükür etmək olar. Çünki gələcəkdə hava hadisələri daha şiddətli formada özünü göstərəcək. Daha intensiv yağışlar yağacaq, dolu halları daha çox təkrarlanacaq və daha iri həcmli dolular düşəcək”.
Ekspert qeyd edib ki, hələ 2010-cu ildə ATƏT-in dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində qlobal istiləşmənin Azərbaycana təsirləri ilə bağlı proqnozlar hazırlanmışdı: "Lakin son vaxtlar yağan yağışlar intensiv olsa da, müəyyən müsbət təsirləri də var. Çünki Azərbaycanda su problemi, su təminatı ilə bağlı çətinliklər mövcuddur. Bu, başqa məsələdir ki, problemlər müəyyən qədər idarəetmə ilə də bağlıdır.
Dolu düşdüyü ərazilərdə isə vəziyyət fərqlidir. Dolu kənd təsərrüfatına ciddi ziyan vurur. Meyvə ağaclarının budaqlarını sındırır, meyvələri tökür, tərəvəzlərə ciddi zərər verir.
Amma fermerlər bunu nəzərə almalıdırlar. Hansı bölgələrdə dolu hər il təkrarlanırsa, həmin ərazilərdə başqa fəaliyyət istiqamətləri barədə düşünməlidirlər. Meyvə və tərəvəz istehsalı ilə məşğul olduqları halda hər dəfə zərər görəcəklər".
Onun sözlərinə görə, son illərdə dolu və leysan yağışlarının intensivliyi artsa da, bu hadisələrin bazarda qıtlıq yaratması və ya qiymətlərin kəskin bahalaşmasına səbəb olması gözlənilmir: "Ölkədə iri topdansatış bazarı fəaliyyət göstərir və o, faktiki olaraq monopolist mövqedədir. Görürük ki, son vaxtlar məhsullar fermerlərdən çox ucuz qiymətə alınır, sonra isə baha qiymətə satılır.
Son illər iri fermer təsərrüfatlarının sayının azalması da müəyyən problemlər yaradır. Bir çox iri fermer təsərrüfatlarında soyuducu anbarlar tikilib və həmin şirkətlər kəndlilərdən meyvə-tərəvəzi çox ucuz qiymətə alırlar. Daha sonra məhsulu soyuducu kameralarda saxlayıb müəyyən müddətdən sonra yüksək qiymətlə istehlakçılara satırlar.
Bu da problemlər yaradır. Onlar istehsalla məşğul olub məhsuldarlığı artırmaq əvəzinə, kəndlilərin istehsal etdiyi məhsulu ucuz qiymətə alıb anbarlarda saxlayır, sonra isə bazara baha qiymətə çıxarırlar.
Yəni iqlim dəyişikliklərinin və hava şəraitinin kəskinləşməsinin bazara təsiri o qədər də böyük deyil. Bazara daha çox təsir göstərən amil aradakı vasitəçi şirkətlərdir".