"Qəsdən yayıblar" - Bağça müdiri videosundan DANIŞDI

"Qəsdən yayıblar" - Bağça müdiri videosundan DANIŞDI Sosial

Sumqayıtda fəaliyyət göstərən özəl bağça və inkişaf mərkəzinin rəhbəri İlahə Xuduqızının yol hərəkəti qaydalarını pozduğunu əks etdirən görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Videoda azyaşlının avtomobilin ön oturacağında təhlükəsizlik kəməri olmadan əyləşdiyi və sürücünün hərəkət zamanı diqqətsiz davranışlar sərgilədiyi görünür. Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparıldığı bildirilib.

Məsələ ilə bağlı avtomobili idarə edən İlahə Əliyeva News24.az-a açıqlamasında bildirib ki, hadisənin baş verdiyi ərazi ictimai yol kimi istifadə olunsa da, faktiki olaraq məhəllədir:

“Yəni ora yol deyil, demək olar ki, bizim həyətimiz kimidir. "Badam bağları" adlanan ərazini çoxları tanıyır. Mənim də orada evim var və hadisə baş verən vaxt sadəcə öz küçəmizdə hərəkət edirdim. Evə gələndə gəlin dedi ki, uşaq park istəyir. Mən də düşündüm ki, uzağa getmədən, elə yaxınlıqda bir az gəzdirib geri qayıdaq. Maşına əyləşdik, uşaq isə ağlayaraq qabaqda oturmaq istədi. Mən də sakitləşdirmək üçün razılaşdım. Heç 150 metr məsafə qət etməmişdik, hələ küçəmizdən belə çıxmamışdıq. Elə öz küçəmizin daxilində döndük, bir qədər yuxarı qalxıb yenidən aşağı endik".

İlahə Əliyeva bildirib ki, daha sonra uşaq özü də sakitləşib:

"Vəziyyət tam nəzarət altında idi və heç bir problem yox idi. Sadəcə olaraq bu anlar gəlin tərəfindən çəkilərək statusunda paylaşılıb. Daha sonra həmin görüntülər onun statusundan götürülərək yayılıb. Bunu qəsdən yayıblar. Yayan şəxsin kim olduğunu bilirəm. Görüntüləri yayan şəxs özü də bağçada işləyir. Bu birbaşa düşmənçilikdir. Mən də onu polisə şikayət etmişəm".