Qurban bayramı gəlmədən qiymət xəbəri gəldi: Süni qiymət artımı gözlənilir?
Sosial
Qurban bayramı ərəfəsində ət və qurbanlıq heyvanların qiymətində ənənəvi artım müşahidə olunur. Nazirlər Kabinetinin qərarına əsasən, bu il bayram günləri mayın 27-28-nə təsadüf edir. Bayram yaxınlaşdıqca tələbatın kəskin artması qiymətlərin də yüksəlməsinə səbəb olur. Hazırda paytaxtda və şəhərətrafı ərazilərdə mal ətinin bir kiloqramı 16-18 manat civarında təklif edilir. Mövcud vəziyyətdə builki qurbanlıq heyvanların qiymətində hansı dəyişikliklərin olacağı isə əsas sual doğuran məqamlardandır.
Mövzu ilə bağlı News24.az-a danışan iqtisadçı Emin Qəribli bildirib ki, Qurban bayramı ərəfəsində bazarda müəyyən qiymət dəyişikliklərinin müşahidə olunması normal haldır:
"Bahalaşma əsasən qısa müddətli olur və xüsusilə diri heyvan bazarında hiss edilir. Bir-iki gün ərzində müəyyən qiymət artımı müşahidə oluna bilər. İnsanlar qurbanlıq üçün diri heyvan almağa üstünlük verirlər və bu zaman bəzi satıcılar qiymətləri bir qədər yüksək təklif edirlər. Amma qəssabxanalarda və daimi alış-veriş edilən yerlərdə ciddi fərq hiss olunmur. Hər il eyni yerdə qurban kəsdirən şəxslər üçün qiymətlər çox dəyişmir”.
Ekspertin sözlərinə görə, qiymət artımının əsas səbəbi fermerlər deyil, daha çox vasitəçilərdir:
"Xüsusilə qurbanlıq diri heyvan satışında bəzi şəxslər artan tələbatdan istifadə etməyə çalışırlar. Qurban bayramında insanların daha çox qurbanlıq heyvan alması bazarda canlanma yaradır. Bu zaman müəyyən şəxslər vəziyyətdən istifadə edib qiymətləri artırmağa çalışırlar. Amma düşünmürəm ki, burada əsas məsuliyyət fermerlərin üzərinə düşür. Əksinə, daha çox vasitəçilər rayonlardan heyvanları gətirib satış təşkil edir və qiymətlərə təsir göstərirlər”.
İqtisadçı bildirib ki, bəzi şəxslərin süni qiymət artımına getməsi müşahidə olunsa da, bunun ümumi bazara ciddi təsir edəcəyini düşünmür:
“Bu il yağıntıların bol olması heyvandarlıq üçün əlverişli şərait formalaşdırıb və bu da qiymətlərin sabit qalmasına təsir edə bilər. Əvvəlki illərdə quraqlıq və otlaq çatışmazlığı səbəbindən qiymət artımı ilə bağlı fikirlər səsləndirilirdi. Amma bu il vəziyyət fərqlidir. Yağıntılar kifayət qədər olub, ot ehtiyatı boldur. Fermerlərlə danışanda da onlar vəziyyəti müsbət qiymətləndirirlər. Buna görə hesab edirəm ki, əlavə qiymət artımı üçün ciddi əsas yoxdur”.