Repetitorluğu ləğv etmək mümkün deyil - DEPUTATLAR
Sosial
Azərbaycanda illərdir müzakirə olunan repetitorluq sistemi yenidən gündəmə gəlib. Elm və təhsil naziri Emin Əmrullayev yerli mediaya müsahibəsində bildirib ki, valideynin övladına əlavə hazırlıq keçdirməsi onun hüququdur və repetitorluğun özü problem hesab edilə bilməz. Nazirin fikrincə, əsas narahatlıq məktəbdə dərs deyən müəllimin eyni şagirdə məktəbdənkənar ödənişli hazırlıq keçməsi, eləcə də repetitorluğa tələbatın bu qədər artmasının səbəbləridir. O hesab edir ki, bu problemin kökü ali məktəblərə qəbul sistemi və cəmiyyətin ali təhsilə yanaşması ilə sıx bağlıdır. Emin Əmrullayev eyni zamanda repititorluğun ləğvinin müsbət nəticə verəcəyinə inanmadığını da qeyd edib.
News24.az xəbər verir ki, mövzu ilə bağlı açıqlamasında elm və təhsil nazirinin yerli mediaya verdiyi müsahibəni şərh edən Milli Məclisin deputatı, tarixçi Fəzail İbrahimli nazirin səsləndirdiyi fikirlərlə tam razı olduğunu bildirib.
"Birincisi, repetitorluğun ləğvindən söhbət gedirsə, əvvəlcə sual yaranır: repetitorlar hansı dövlət qeydiyyatından keçirlər, hansı dövlət qurumunun nəzarəti altında fəaliyyət göstərirlər? Bu, dövlət tərəfindən yaradılmış hansısa qurum deyil. Repetitorluq insanların şəxsi fəaliyyət sahəsidir, şəxsi qazanc mənbəyidir və mərkəzləşdirilmiş bir sistem deyil. Kimisi öz evində dərs keçir, kimisi ayrıca yer icarəyə götürür, kimisi ali məktəblərin birində və ya başqa məkanda fəaliyyət göstərir. Yəni bu elə bir sistem deyil ki, hansısa dövlət qurumu bir qərar və ya sərəncam versin, repetitorluq da bununla birdəfəlik ləğv olunsun. Ona görə də repetitorluğun hansısa əmrlə ləğv edilə biləcəyini düşünmək yanlışdır. Bu baxımdan cənab nazirin fikrini tam obyektiv hesab edir və yüz faiz dəstəkləyirəm.
İkinci məsələ isə ondan ibarətdir ki, ümumiyyətlə, repetitorluğun ləğvi mövzusunu gündəmə gətirən kimdir və bunun məqsədi nədir? Açığı, bunu başa düşmürəm. Kim hesab edir ki, repetitorluq ləğv olunmalıdır və buna ehtiyac yoxdur? Mən hesab edirəm ki, cənab nazirin bu addımın müsbət nəticə verməyəcəyi ilə bağlı fikri tamamilə doğrudur və mən də bu mövqeyi bölüşürəm".
Deputat xatırladıb ki, bu gün imkanlı ailələr də, imkanı məhdud olan ailələr də övladlarını repetitor yanına göndərirlər:
"Hətta bəzən valideynlər öz gündəlik tələbatlarından, yeməyindən, geyimindən, digər xərclərindən kəsərək uşaqlarının hazırlığına vəsait ayırırlar. Bunun da səbəbi var. Orta məktəb ümumi təhsil verir. Məsələn, biologiya müəllimi biologiya fənnini tədris edir. Amma həmin sinifdə tarix üzrə hazırlaşan da var, riyaziyyat üzrə hazırlaşan da, biologiya üzrə ixtisas seçmək istəyən də. Bir sinifdə otuz-qırx şagird oxuyursa, onların hamısının marağı və gələcək ixtisas istiqaməti fərqlidir. Belə olan halda müəllimin həmin şagirdlərin hamısını ali məktəbə qəbul səviyyəsində hazırlaması real görünmür.
Ona görə də hesab edirəm ki, repetitor seçmək və ya seçməmək valideynin hüququdur. Bu, insanın azad seçimidir. Valideyn övladını hazırlığa qoymaq istəyirsə, qoyacaq, istəmirsə, qoymayacaq. Buna inzibati yollarla müdaxilə etmək mümkün deyil".
Milli Məclisin üzvü hesab edir ki, əsl səbəb isə sualın özündə gizlidir. Onun fikrincə, şagirdlər oxuduqları məktəbdə istədikləri ali məktəbə qəbul olmaq üçün lazım olan hazırlığı tam əldə edə bilmədiklərinə görə əlavə hazırlığa ehtiyac duyurlar:
"Valideyn də ağılsız deyil ki, büdcəsindən əlavə vəsait ayırıb övladını səbəbsiz yerə repetitor yanına göndərsin. Əgər məktəbdə istədiyi nəticəni almaq mümkün olsaydı, heç kim əlavə hazırlığa ehtiyac duymazdı. Mənim fikrimcə, maraqlı məqamlardan biri də budur ki, bizim təhsil aldığımız dövrdə bu gün ölkənin siyasi həyatında çalışan, təxminən 50 yaşdan yuxarı olan məmurların, deputatların və digər dövlət xadimlərinin böyük əksəriyyəti repetitor yanına getməyib. Onlar orta məktəbdə oxuyarkən seçdikləri istiqamət üzrə kifayət qədər bilik əldə edir və ali məktəbə qəbul ola bilirdilər".
Deputatın sözlərinə görə, bu gün yaranmış vəziyyətin əsas səbəblərindən biri Azərbaycan təhsil sisteminin vaxtından əvvəl Boloniya sisteminə keçməsi olub:

"Mənim fikrimcə, bu gün təhsildə müşahidə olunan problemlərin əhəmiyyətli hissəsi məhz həmin keçidlə bağlıdır. Niyə belə deyirəm? Boloniya sistemi İtaliyada Boloniya Universitetinin 900 illiyi münasibətilə keçirilən tədbirdən sonra formalaşdı. Müxtəlif ölkələrin universitet rəhbərləri bir araya gələrək Boloniya Bəyannaməsini imzaladılar. Məqsəd onların diplomlarının qarşılıqlı tanınmasını təmin etmək idi. Yəni İtaliyada verilən diplom Fransada, Fransada verilən diplom isə digər Avropa ölkələrində tanınsın. Bu, uzun illər eyni inkişaf yolu keçmiş, oxşar təhsil ənənələrinə malik ölkələr arasında əməkdaşlıq məqsədi daşıyırdı.
Biz isə onilliklər boyu formalaşmış, 900 illik tarixi olan bir sistemə hazırlıqsız şəkildə qoşulduq. Mən bunu belə ifadə edərdim: illərlə məşq edən idmançıların yarışına sonradan qoşulduq və elə bildik ki, eyni nəticəni əldə edə biləcəyik. Birinci məsələ müəllimin sosial vəziyyətidir. Boloniya sistemi tətbiq olunan ölkələrdə müəllimlərin illik əməkhaqqı on minlərlə, hətta yüz minlərlə dollar təşkil edir. Azərbaycanda isə həmin dövrdə müəllimlərin əməkhaqqı heç 200 dollar da deyildi. Necə ola bilər ki, 200 dollar maaş alan müəllimdən yüz min dollar maaş alan müəllimin nəticəsi tələb olunsun? Bu, məsələnin mənəvi tərəfidir. İkinci məsələ isə texniki tərəfidir. Necə ola bilər ki, yüzillərlə formalaşmış təhsil sistemi olan ölkələrlə eyni yarışa girəsən? Onların ayaqqabısını geyinmək olar, amma onların yolu ilə getmək mümkün deyil. Bunun üçün eyni inkişaf mərhələsindən keçmək lazımdır".
F.İbrahimli onu da əlavə edib ki, digər mühüm məsələ isə Azərbaycanın uzun illər Sovet imperiyasının tərkibində olması idi:
"Sovet dövrünün təhsil sistemində ideoloji elementlər çox idi. Əlbəttə, həmin ideoloji məqamlar təmizlənməli idi. Ancaq bu, o demək deyildi ki, bütöv sistemi dağıdaq. Çünki Sovet təhsil sistemi dünyanın ən güclü təhsil sistemlərindən biri hesab olunurdu.
Bu gün Azərbaycanı idarə edən insanların böyük əksəriyyəti də məhz həmin təhsil sistemində yetişiblər. Ölkənin Prezidenti, Baş naziri, Milli Məclisin sədri, vitse-spikerlər və digər yüksək vəzifəli şəxslər Sovet təhsil sistemində təhsil alıblar. Onlar həm milli-mənəvi dəyərləri, eləcə də dünya təcrübəsini mənimsəyə biliblər.
Mən bunları ona görə deyirəm ki, fikrimi əsaslandırım. Bu gün Boloniya sistemi ilə təhsil almış şəxslərdən neçəsi dövlət idarəçiliyində aparıcı mövqelərdədir? Xaricdə, Avropada, Türkiyədə təhsil alan, xarici dilləri bilən gənclərimiz çoxdur. Amma onların əhəmiyyətli hissəsi hələ də öz potensialına uyğun şəkildə məşğulluq imkanları əldə edə bilməyib".
O həmçinin vurğulayıb ki, bütün bunlar onu göstərir ki, bəzən təhsil sahəsində atılan addımlar gözlənilən nəticəni vermir:
"Mən hesab edirəm ki, Boloniya sisteminə keçidlə bağlı qərarlar da sonradan bu sahədə müəyyən problemlərin yaranmasına səbəb olub. Burada Firidun bəy Köçərlinin çox dəyərli bir fikrini xatırlatmaq istəyirəm. "Milləti məhv etmək üçün müəllimini savadsız, həkimini isə kəmsavad etmək kifayətdir". Diqqət edin, müəllim haqqında "savadsız", həkim haqqında isə "kəmsavad" ifadəsini işlədir. Çünki savadsız müəllim insanların düşüncəsini məhv edir, kəmsavad həkim isə insanların həyatını təhlükə altına qoyur.
Bu fikir təhsilin cəmiyyət üçün nə qədər böyük əhəmiyyət daşıdığını göstərir. Məhz buna görə hesab edirəm ki, cənab nazirin repetitorluqla bağlı mövqeyi vaxtında səsləndirilmiş, doğru və əsaslandırılmış bir yanaşma, çağırışdır. Heç olmasa, repetitorların hazırladığı şagirdlər ali məktəblərə qəbul olur və ölkənin gələcəyinə töhfə verirlər. Əlbəttə, bu sahədə statistik araşdırmalar da aparılmalıdır. Repetitor yanına gedənlərin neçə faizi ali məktəbə qəbul olur, getməyənlərin nəticələri necədir - bunlar araşdırılmalıdır. Düzdür, bunu dəqiq müəyyənləşdirmək çətindir. Çünki repetitor fəaliyyəti rəsmi qeydiyyatda deyil və bu istiqamətdə dəqiq statistika aparılmır".
Deputat onu da nəzərə çatdırıb ki, Azərbaycanda bu sahədə uğurlu hesab oluna biləcək bir pilot layihə var:
"Söhbət Biləsuvar rayonundakı Mübariz İbrahimov adına liseydən gedir. Bu təhsil müəssisəsi artıq uzun illərdir fəaliyyət göstərir. Dəqiq neçə il olduğunu demək çətindir, amma təxminən 8-10 ildən artıqdır ki, fəaliyyətini davam etdirir. Mən Biləsuvardan millət vəkili seçildiyim dövrdə də həmin liseylə daim əlaqədə olmuşam, bu gün də əlaqələrim var. Təsəvvür edin, həmin liseyi bitirən məzunların demək olar ki, hamısı ali məktəblərə qəbul olur. Bir nəfər də kənarda qalmır. Əgər bu gün təhsildə uğurlu model axtarılırsa, həmin liseyin təcrübəsi ciddi şəkildə öyrənilməlidir.
Sual budur: bu nəticə necə əldə olunub? Təhsil sistemini mövcud problemlərdən necə çıxarmaq olar? Əgər məsələ maliyyə ilə bağlıdırsa, Azərbaycan dövləti kifayət qədər güclü dövlətdir. Əgər məsələ elmi və metodiki yanaşmadadırsa, ölkəmizdə kifayət qədər təcrübəli və savadlı müəllimlər var. O zaman əsas səbəb nədir? Niyə həmin təcrübə bütün ölkə üzrə tətbiq edilmir? Bir rayonda bir lisey var və onun bütün məzunları ali məktəblərə qəbul olunur. Elə həmin rayondakı digər məktəblərdə isə nəticələr tamamilə fərqlidir. Mən başqa rayonlardan da danışmıram. Bu özü artıq araşdırılmalı məsələdir".
Deputatın qənaətincə, bu pilot layihə dərindən öyrənilməli, uğurlu tərəfləri müəyyənləşdirilməli və mərhələli şəkildə ölkənin digər məktəblərində tətbiq olunmalıdır:
"Bunun üçün maliyyə də ayrılmalıdır, islahatlar da aparılmalıdır. Bir var kəndi görmədən onun haqqında danışasan, bir də var kəndin içində olub onun bulağını, təbiətini, həyatını görəsən. Mən gördüyümə əsasən danışıram. Mübariz İbrahimov adına lisey Azərbaycan təhsil sistemində uğurlu pilot layihələrdən biridir və hesab edirəm ki, onun təcrübəsindən geniş istifadə edilməlidir. Ancaq bunu da nəzərə almaq lazımdır ki, təhsildə nəticə bir günə əldə olunmur. Təhsil uzunmüddətli prosesdir.
Mən həmişə deyirəm ki, təhsil ağac əkməyə bənzəyir. Buğdanı payızda əkib yayda biçmək olar. Amma ağac elə deyil. Onu əkirsən, qulluq edirsən, illərlə böyüyür və yalnız sonra bar verir. Təhsil də məhz belədir. Bu gün görülən işlərin nəticəsi illər sonra ortaya çıxır. Ona görə də hesab edirəm ki, cənab nazir repetitorluqla bağlı bu fikri tam vaxtında səsləndirib. Əslində demək istəyir ki, heç olmasa, bu gün nəticə verən mexanizmlərə toxunmayaq.
Əgər repetitorluq birdən-birə ləğv olunsa, ali məktəblərə qəbul prosesi hansı vəziyyətə düşəcək? Mən hesab edirəm ki, bu gün ali məktəblərə qəbul olunanların böyük əksəriyyəti repetitor hazırlığından keçir. Mənim qənaətimə görə, bu göstərici təxminən 80 faizə yaxındır. Ona görə də bu sahəyə inzibati müdaxilə etmək düzgün olmaz. Əgər orta məktəblər ali məktəblərə qəbul üçün tələb olunan səviyyədə bilik və hazırlıq verə bilsələr, onda repetitorluğa ehtiyac da təbii şəkildə azalacaq. Amma indiki şəraitdə bu yükü daşıyan insanlara toxunmaq düzgün yanaşma deyil", - deyə F.İbrahimli qeyd edib.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov isə hesab edir ki, repetitorluğun geniş yayılmasının səbəbi yalnız bir amillə izah oluna bilməz:
"Burada həm məktəbdə tədrisin keyfiyyəti, həm də qəbul imtahanlarının spesifik xüsusiyyətləri mühüm rol oynayır. Qəbul imtahanları daha çox nəticəyönümlü və test bacarıqlarına əsaslandığı üçün bir çox şagird əlavə hazırlığa ehtiyac duyur. Digər tərəfdən, bəzi məktəblərdə müəllim çatışmazlığı, siniflərin sıxlığı və fərdi yanaşma imkanlarının məhdudluğu valideynləri repetitor xidmətlərinə yönəldir. Buna görə də repetitorluğun geniş yayılması təhsil sistemində mövcud olan müxtəlif amillərin məcmusunun nəticəsidir.
Bir çox valideyn hesab edir ki, yalnız məktəb təhsili ilə yüksək nəticə əldə etmək çətindir. Bu fikirlə qismən razılaşmaq olar. Azərbaycanda yalnız məktəb təhsili ilə yüksək nəticə göstərən minlərlə şagird var. Lakin qəbul imtahanlarında yüksək bal toplamaq istəyən şagirdlər əlavə hazırlığa üstünlük verirlər. Bu, hər zaman məktəbdə verilən biliklərin kifayət etməməsi ilə bağlı deyil, həm də artan rəqabət şəraitində üstünlük əldə etmək istəyi ilə əlaqədardır. Qarşıya qoyulan əsas məqsəd elə bir məktəb mühiti formalaşdırmaqdır ki, şagirdlərin böyük əksəriyyəti əlavə hazırlığa ehtiyac duymadan keyfiyyətli təhsil ala bilsin".

Deputat onu da əlavə edib ki, bəzi rayonlarda fənlər üzrə nəticələrin aşağı olması da repetitorluğa tələbatı artıran amillərdən biri kimi qiymətləndirilə bilər:
"Bu vəziyyətin yaranmasına müəllim təminatı, tədris resurslarına çıxış imkanları, məktəb infrastrukturu, sosial-iqtisadi şərait və ailələrin təhsil mühiti kimi müxtəlif faktorlar təsir göstərir. Son illərdə regionlarda təhsil infrastrukturunun yenilənməsi və müəllimlərin peşəkar inkişafı istiqamətində mühüm addımlar atılsa da, bölgələr arasında təhsil keyfiyyətinin daha da balanslaşdırılması istiqamətində işlərin davam etdirilməsinə ehtiyac var".
V.Qafarov həmçinin vurğulayıb ki, Elm və Təhsil naziri Emin Əmrullayevin repetitorluğun qadağan edilməsinin müsbət nəticə verməyəcəyi ilə bağlı fikirləri mövcud reallıqları əks etdirir:
"Repetitorluğu inzibati qaydada qadağan etmək problemi həll etmir. Əsas məsələ onun yaranmasına səbəb olan amilləri aradan qaldırmaqdır. Dünyanın bir çox ölkələrində əlavə hazırlıq xidmətləri mövcuddur və bu, təhsil sisteminin ayrılmaz elementlərindən birinə çevrilib. Vacib olan odur ki, məktəb təhsili öz aparıcı rolunu qorusun, repetitorluq isə zərurətdən deyil, seçimdən irəli gəlsin".
Milli Məclisin üzvü eyni zamanda qeyd edib ki, repetitorluğun müsbət tərəfləri arasında şagirdlərə fərdi yanaşma imkanının yaradılması, bilik boşluqlarının daha operativ aradan qaldırılması, imtahan bacarıqlarının inkişaf etdirilməsi və yüksək nəticə əldə etmək istəyən şagirdlər üçün əlavə dəstək mexanizmi kimi çıxış etməsi qeyd oluna bilər:
"Bununla yanaşı, repetitorluğun mənfi tərəfləri də mövcuddur. O, ailələr üçün əlavə maliyyə yükü yaradır, təhsildə sosial bərabərsizliyi dərinləşdirə bilir, bəzi hallarda məktəbin rolunun zəifləməsinə səbəb olur və şagirdlərin istirahət və sosial fəaliyyət imkanlarını məhdudlaşdırır.
Ümumilikdə hesab edirəm ki, repetitorluqla mübarizənin ən səmərəli yolu onu qadağan etmək deyil, məktəblərdə tədrisin keyfiyyətini daha da yüksəltmək, müəllimlərin peşəkarlığını artırmaq və şagirdlərin fərdi inkişaf ehtiyaclarını məktəb daxilində qarşılamaqdır. Məqsəd repetitorluğun məcburiyyət deyil, əlavə seçim kimi qalmasını təmin etməkdən ibarət olmalıdır", - deyə V.Qafarov fikrini tamamlayıb. (Modern.az)