“Sənin videon yayılıb, bax” – Rəqəmsal dünyada şantaj təhlükəsi
Sosial
Son dövrlərdə rəqəmsal mühitdə baş verən hadisələr göstərir ki, sosial şəbəkə platformlarından istifadə artıq yalnız ünsiyyət və məlumat paylaşımı ilə məhdudlaşmır, eyni zamanda müəyyən riskləri də özü ilə gətirir. Onlayn platformalarda paylaşılan foto və videoların bəzən üçüncü şəxslər tərəfindən müxtəlif məqsədlərlə istifadə olunması, xüsusilə şantaj və kibercinayət halları cəmiyyətdə narahatlıq doğuran məsələlərdən biri kimi gündəmə gəlir.
Bəs sosial şəbəkədə paylaşdığımız foto və ya videolardan başqa məqsədlərlə istifadə edilməsinin qarşısını almaq üçün nə etmək lazımdır? Ümumiyyətlə, mövcud rəqəmsal mühitdə bu riskləri tam şəkildə aradan qaldırmaq mümkündürmü?
Mövzu ilə bağlı News24.az-a danışan kibertəhlükəsizlik üzrə mütəxəssis Fərid Əmirov bildirib ki, onlayn platformada paylaşdığımız hər bir material təhlükə yarada bilər, düzgün istifadə edilmədikdə isə insanın hüquq və təhlükəsizliyinə zərər verə bilər:
“Sosial şəbəkədə paylaşdığımız hər bir foto və video risk daşıyır. Bu materiallar bədniyyətli şəxslər tərəfindən istifadə oluna bilər. Süni intellekt vasitəsilə (deepfake texnologiyası ilə) insanın üzü başqa etik olmayan görüntülərə yerləşdirilə və sonradan şantaj məqsədilə istifadə oluna bilər. Unutmayaq ki, internetə yerləşdirilən məlumatı tamamilə silmək demək olar ki, mümkün deyil”.
Mütəxəssis onlayn təhlükələrə qarşı diqqətsizliyin ciddi risklər yaratdığını vurğulayıb:
“Rəqəmsal savadsızlıq sadəcə telefonu işlədə bilməmək deyil. Bu, onlayn təhlükələri görməmək və riskləri düzgün qiymətləndirməməkdir. Profilin hər kəsə açıq saxlanılması, tanımadığımız şəxslərdən gələn şübhəli linklərə daxil olmaq (məsələn, “Sənin videon yayılıb, bax” kimi mesajlar), sadə şifrələrdən istifadə etmək və iki faktorlu təsdiqləməni (2FA) aktiv etməmək təhlükəni daha da artırır”.
Fərid Əmirov şəxsi qorunmanın əsas yolunun ehtiyatlı olmaq və şantaj zamanı dərhal yardım axtarmaq olduğunu vurğulayıb:
“İlk növbədə, sosial şəbəkə hesablarımızı qapalı saxlamalı, yalnız tanıdığımız şəxslərin izləməsinə icazə verməliyik. Şübhəli linklərə daxil olmamalı, bütün platformalarda iki faktorlu təsdiqləməni aktiv etməliyik. Ən əsası isə şantajla qarşılaşdıqda susmamalıyıq. Şantajçının ən böyük üstünlüyü qarşı tərəfin qorxusudur.
Belə hallarda dərhal hüquq-mühafizə orqanlarına – 102 xidmətinə və ya Kiber-Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmək vacibdir. Bu, ağır cinayətdir və qanun zərərçəkənin tərəfindədir”.
“Yekun olaraq, rəqəmsal dünyada ehtiyatlı olmaq real həyatda qapını kilidləmək qədər vacibdir. Təhlükəsizlik hər kəsin şəxsi məsuliyyətidir”,- deyə ekspert qeyd edib.
Gülçin Abdullayeva