Övladı I sinfə gedəcək valideynlərin diqqətinə – Qəbulda YENİLİK
Sosial
Azərbaycanda I sinfə elektron qəbul sisteminin Elektron Hökumət İnformasiya Sistemi ilə inteqrasiyası və xidmətlərin myGov platforması üzərindən təqdim edilməsi nəzərdə tutulur.
Bu dəyişiklik prosesin daha rahat və mərkəzləşdirilmiş şəkildə həyata keçirilməsinə imkan yaratmalıdır. Bununla belə, sistemin praktikada necə işləyəcəyi və istifadəçilər üçün nə dərəcədə əlçatan olacağı müəyyən suallar doğurur.
Mövzu ilə bağlı News24.az təhsil eksperti Elçin Əfəndinin fikirlərini öyrənib.
Ekspert bildirib ki, ümumilikdə tədris prosesinin müxtəlif mərhələlərinin myGov elektron hökumət portalı üzərindən həyata keçirilməsi vətəndaşlar üçün daha çevik və rahat imkanlar yaradır. Onun sözlərinə görə, platforma artıq hər bir vətəndaşla bağlı əsas məlumatları özündə cəmləşdirir.
“Bu baxımdan, informasiyaya çıxışı olan texnoloji cihazlardan – smartfon, planşet və digər vasitələrdən istifadə edən valideynlər üçün proses daha əlçatan və sürətli olacaq”, – deyə o qeyd edib.
Elçin Əfəndinin sözlərinə görə, I sinfə qəbul zamanı əvvəlki illərdə olduğu kimi mərhələli prosedurlardan keçmək əvəzinə, valideynlər birbaşa portal vasitəsilə müraciət edə biləcəklər:
“Valideynlər sistemə daxil olaraq övladlarının qeydiyyatını rahat şəkildə həyata keçirə bilərlər”.
Təhsil eksperti regionlarda yaşayan valideynlərin vəziyyətinə də toxunub. O bildirib ki, texnologiyaya çıxışı məhdud olan bəzi ərazilərdə müəyyən çətinliklər yarana bilər:
“Bu gün əksər insanlar texnoloji vasitələrdən istifadə bacarıqlarına malikdir. Bununla belə, bəzi regionlarda internetə çıxış və ya rəqəmsal bacarıqlar baxımından çətinliklər yarana bilər. Belə hallarda valideynlər regional təhsil idarələrinə və ya yerli təhsil sektorlarına müraciət edərək müvafiq dəstək ala bilərlər”.
Ekspert əlavə edib ki, Elm və Təhsil Nazirliyi tərəfindən prosesin izahı məqsədilə video-təlimatların hazırlanaraq ictimaiyyətə təqdim olunması da gözlənilir. Bu isə valideynlərin sistemi daha asan mənimsəməsinə kömək edəcək.
Sonda Elçin Əfəndi vurğulayıb ki, əvvəlki illərlə müqayisədə yeni qaydaların tətbiqi valideynlər üçün daha rahat və əlçatan imkanlar yaradır.
Gülçin Abdullayeva