Yağışlı may, yoxsa gecikən yay?- Ekoloqdan açıqlama
Sosial
Bu ilin may ayı hava şəraiti baxımından əvvəlki illərdən xeyli fərqləndi.
Adətən yazın son ayı daha sabit və isti hava ilə yadda qalsa da, bu dəfə ay leysanlar, sərt külək və sel, eləcə də, paytaxta yağan güclü dolu özünü göstərdi.
Üstəlik bir sıra rayonlara yağan intensiv yağışlar, çaylarda sululuğun artmasına və sel hadisələrinə səbəb oldu.
Bəs, bu dəyişikliklərin, yağıntıların bu qədər artmasının səbəbi nədir?
Məsələ ilə bağlı News24.az-a danışan ekoloq Qorxmaz İbrahimli bildirib ki, son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti və yağıntıların artması normal haldır. Daha doğrusu, iqlim dəyişiklikləri fonunda hava proseslərinin daha kəskin və dəyişkən xarakter alması təbiidir.
"Azərbaycan mülayim subtropik iqlim qurşağında yerləşdiyi üçün may ayı ənənəvi olaraq yağıntılı keçməlidir. Biz uzun illər ərzində may ayında kifayət qədər yağıntı görmədiyimiz üçün bu vəziyyətə təəccüblənirik, bizə qeyri-adi təsir bağışlayır. Xüsusilə Bakıda aprel-may aylarında qeydə alınan yağışların miqdarı aylıq normanı üstələyib. Şəhər infrastrukturu intensiv yağıntılara tam hazır olmadığı üçün yaranan problemləri birbaşa hava şəraiti ilə əlaqələndiririk. Halbuki tarixə nəzər salsaq görərik ki, hər 5-10 ildən bir, bəzən isə 15 il ərzində bir dəfə ölkənin müxtəlif bölgələrində normadan artıq yağıntılar müşahidə olunub".
Ekoloq hesab edir ki, son günlər yağan dolu da narahatlıq doğuracaq hadisə deyil. Onun sözlərinə görə, dolu əsasən isti hava kütlələrinin təsiri altında yaranan və daha çox yaz-payız mövsümlərində müşahidə edilən təbii meteoroloji hadisədir:
"Əgər may ayında qar yağsaydı və ya Bakıda temperatur 40 dərəcəni keçsəydi, bunu anomal hesab etmək olardı. Hazırda isə belə bir vəziyyət yoxdur. Bəli, yağıntılar çox olub və havalar bir qədər sərin keçir. Lakin temperaturun orta aylıq göstəricidən aşağı olması hələ fövqəladə vəziyyət demək deyil. Ölkədə dondurucu soyuqlar qeydə alınmır, sadəcə, mövsümə uyğun olaraq sərin hava müşahidə edilir".
Ekoloq yaxın günlərdə hava şəraitinin tədricən dəyişəcəyini də vurğulayıb:
"Yay mövsümü yaxınlaşdıqca hava istiləşəcək. Hazırda yağışlardan və sərin havadan danışırıqsa, çox keçmədən quraqlıq və istilərlə bağlı müzakirələr başlayacaq. Ona görə də, indiki hava şəraitini fövqəladə və ya təhlükəli hal kimi qiymətləndirmək düzgün deyil. Bu, təbiətin normal proseslərindən biridir".