Yazın ortasında qış havası – Bərəkət, yoxsa təhlükə?
Sosial
Yaz mövsümünün ortasında olmağımıza baxmayaraq, havaların hələ də qeyri-sabit və sərin keçməsi cəmiyyətdə narahatlıq doğurur. Bir gün müşahidə olunan nisbətən isti hava şəraiti qısa müddət sonra yerini yenidən küləkli və soyuq günlərə verir ki, bu da gündəlik həyat ritminə birbaşa təsir göstərir.
Hava şəraitindəki bu kəskin dəyişkənlik xüsusilə meteohəssas insanlar üçün daha ciddi diskomfort yaradır. Temperatur fərqləri əhval-ruhiyyədə dalğalanmalara, fiziki halsızlıq və yorğunluğa səbəb olur, eyni zamanda geyim seçimində qeyri-müəyyənlik yaradır. Səhər saatlarında hiss olunan soyuq, günorta nisbətən mülayim temperaturla əvəzləndiyindən orqanizmin uyğunlaşma prosesi çətinləşir.
Dəyişkən hava şəraitinin səbəbləri və mümkün təsirləri ilə bağlı News24.az-a danışan ekoloq Qorxmaz İbrahimli qeyd edib ki, havaların qismən sərin keçməsi fonunda ciddi anomal hallar müşahidə olunmur:
"Bu baxımdan mövcud hava şəraiti ümumilikdə çox əlverişli hesab olunur. Yaz mövsümündə hava şəraitinin dəyişkən olması təbiidir. Məsələn, bir gün yağıntılı hava müşahidə oluna bilər, ardınca 3–4 gün isti keçə bilər və ya əksinə, bir gün isti, növbəti günlər isə yağıntılı ola bilər. Bu cür balanslı hava şəraiti təbiət üçün olduqca faydalıdır".
Ekoloqun sözlərinə görə, xüsusilə Bakı və Abşeron yarımadası yarımsəhra iqliminə malik olduğu üçün, son illərdə artan betonlaşma və iqlim dəyişiklikləri fonunda aprel-may aylarında yağışların yağması, həmçinin mart ayının yağıntılı keçməsi sevindirici haldır:
"Bu, bərəkətin bir göstəricisi kimi qiymətləndirilir. Ümid olunur ki, bu il daha məhsuldar olacaq. Artıq dağ çaylarında suyun formalaşması müşahidə edilir, hətta Kür çayının aşağı axarında su səviyyəsinin müəyyən qədər artdığı qeyd olunur. Bu isə su ehtiyatları baxımından müsbət göstəricidir.
Torpaqlar kifayət qədər su ilə təmin olunduqda, bu rütubəti özündə saxlayır və nəticədə məhsuldarlıq artır. Bu il meyvə ağacları da şaxtaya məruz qalmayıb, çiçəkləmə dövrü normal keçib. Tozlanma prosesinin də uğurla baş verməsi gözlənilir ki, bu da yaxşı məhsul deməkdir".
"Ümumilikdə narahatlığa əsas yoxdur. Bəzi hallarda qismən sərin hava müəyyən təsirlər göstərə bilər. Məsələn, bəzi ərazilərdə meyvələrin inkişafına və ya otların böyüməsinə təsir edə bilər. Lakin may ayından etibarən temperaturun yüksəlməsi ilə kənd təsərrüfatı işləri daha da aktivləşəcək, bitkilər normal inkişaf edəcək və ot örtüyü tam formalaşacaq", -d eyə ekoloq qeyd edib.
Milli Hidrometeorologiya Xidmətindən sorğumuza cavab olaraq bildirib ki, hava qarşıdakı 2-3 gün ərzində yağıntılı və küləkli keçəcək.