Yuxudan oyandıqdan dərhal sonra çəkilən siqaretin təhlükələri
Sosial
Səhər oyandıqdan dərhal sonra siqaret çəkmək ən zərərli vərdişlərdən biridir.
News24.az xəbər verir ki, bu barədə rusiyalı kardioloq Valeriya Bonadıkova məlumat verib.
Onun sözlərinə görə, oyandıqdan sonra orqanizmdə kortizol hormonunun səviyyəsi təbii olaraq yüksəlir. Bu vaxt çəkilən siqaret nikotinin təsiri ilə adrenalin və noradrenalinin ifrazını artıraraq ürək-damar sisteminə əlavə yük yaradır.
Mütəxəssis bildirib ki, oyandıqdan sonra ilk 5 dəqiqə ərzində siqaret çəkən insanlarda ağciyər xərçəngi riski 2-3 dəfə, miokard infarktı riski isə 1,8 dəfə daha yüksək olur. Nikotin damarları daraldır, qan təzyiqini artırır və ürəyin daha intensiv işləməsinə səbəb olur.
Kardioloqun sözlərinə görə, səhər siqareti tənəffüs yollarına da mənfi təsir göstərir. İlk istifadə bronxlardakı təmizləyici mexanizmi zəiflədir və bu da siqaret çəkənlərdə müşahidə olunan səhər öskürəyinin əsas səbəblərindən biridir.
Bonadıkova siqaretdən tam imtina edə bilməyən şəxslərə ən azı oyandıqdan sonra 60 dəqiqə gözləməyi, əvvəlcə su içməyi və səhər yeməyi yeməyi tövsiyə edib.
O, həmçinin nikotin asılılığının müalicəsi üçün həkimlə məsləhətləşməyi və mütəmadi olaraq ürək və ağciyər müayinələrindən keçməyi məsləhət görüb. /Gazeta.ru/