Baş həkim və digərlərinin cəzası azaldıldı
    • 2-03-2023, 13:40
    • 180

Baş həkim və digərlərinin cəzası azaldıldı

Rüşvət alma ittihamı ilə həbs edilmiş FHN Modul Hospitalının keçmiş baş həkimi İmran Ağayev və onunla birlikdə mühakimə olunan hospitalın 3 əməkdaşının kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

News24.az xəbər verir ki, bu gün Ali Məhkəmədə onların cinayət işi üzrə yekun məhkəmə aktı qəbul edilib. Hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən iclasda hospitalın sabiq vəzifəli şəxsi Rüfət Vəlizadənin şikayəti qismən təmin edilib. Onun cəzası 3 ildən 2 il 6 aya endirilib. Faktı onun vəkili Ceyhun Yusifov "Qafqazinfo"ya təsdiq edib.

Məhkəmədə o da məlum olub ki, təqsirləndirilən şəxslərdən İmran Ağayev və müəssisənin digər vəzifəli şəxsləri olan Taleh İmanlı və Qulu Orucovun da cəza müddəti bir müddət öncə azaldılıbmış. Belə ki, Ali Məhkəmə onların hər birinin cəzasınn 6 ay endirilməsinə qərar verib.
Xatırladaq ki, İmran Ağayev 2020-ci ildə koronavirus pandemiyası dövründə hospitalın digər vəzifəli şəxsləri ilə əlbir olaraq hospitalın “VİP korpus”larına yerləşdirilmək üçün xəstələrdən 10 min 500 manat rüşvət alıb. Bundan başqa, İ.Ağayevin 140 koronavirus xəstəsinin direktoru olduğu “Medi Style” klinikasına məxsus təcili yardım avtomobilləri ilə FHN hospitalına aparılması müqabilində həmin şəxslərdən 51 min 600 manatı almasına, həmçinin hospitalın ayrı-ayrı əməkdaşlarından 5 min manat rüşvət istəməsinə əsaslı şübhələr müəyyən edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İmran Ağayev 8 il 3 ay, Rüfət Vəlizadə 8 il 1 ay, Taleh İmanlı isə 8 il 1 ay, Qulu Orucov 5 il müddətə azadlıqdan məhrum edilmişdi. Daha sonra Bakı Apellyasiya Məhkəməsi İmran Ağayevin cəzasını 4 ilə, Rüfət Əlizadə və Taleh İmanının cəzasını isə 3 il 6 aya endirmişdi.