Naxçıvan hava limanında insident: Sürücü həbs edildi
    • 15-03-2023, 12:04
    • 191

Naxçıvan hava limanında insident: Sürücü həbs edildi

Naxçıvan şəhərinin hava limanında polislə münaqişə yaradan taksi sürücüsü həbs edilib.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə hava limanında taksilər üçün nəzərdə tutulmuş ərazidə baş verib. Naxçıvan MR Babək rayon Nehrəm kəndinin sakini olan 1972-ci il təvəllüdlü Əli Piriyev idarə etdiyi avtomobili taksilər üçün nəzərdə tutulmuş yerdə öndə saxlayıb. Bu zaman ərazidəki polis əməkdaşı onun növbəsinin çatmadığını və qayda üzrə növbədə gözləməsini tələb edib. Sürücü polisin iradından sonra maşınını növbənin olduğu yerə sürərək saxlayıb və avtomobildən düşərək gözləməyə başlayıb.

Həmin polis əməkdaşı yenidən Əli Piriyevə irad bildirib və bütün taksi sürücülərinin maşında sükan arxasında qayda üzrə oturduqlarını deyərək onun da avtomobilində əyləşməsini deyib. Lakin sürücü polisin dediyinə əməl etməyərək münaqişə yaradıb. Bundan sonra o, saxlanılaraq polis şöbəsinə aparılıb.

Barəsində İXM-nin 535-ci, yəni polisin qanuni tələbinə qəsdən tabe olmama maddəsi ilə protokol tərtib edilən taksi sürücüsü məhkəməyə göndərilib. Babək rayon Məhkəməsinin qərarı ilə ona 7  sutka həbs cəzası təyin edilib.

Taleh BAĞIROV