Azərbaycan XİN-dən Mirzoyana cavab
    • 25-03-2023, 15:13
    • 472

Azərbaycan XİN-dən Mirzoyana cavab

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə martın 23-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Misirin “AlQahera” xəbər agentliyinə müsahibəsi zamanı Azərbaycanla sülh sazişi layihəsinə Ermənistanın təklifləri ilə bağlı açıqlamasını şərh edib.

News24.az xəbər verir ki, mətbuat katibi A.Mirzoyanın Misirin “AlQahera” xəbər agentliyinə müsahibəsi zamanı Azərbaycanla Ermənistan arasında sülh sazişinin layihəsi üzrə danışıqların mahiyyətini təhrif etməsi və beynəlxalq ictimaiyyət arasında çaşqınlıq yaratmaq cəhdinin tamamilə qəbuledilməz olduğunu bildirib.

“Ermənistan nazirinin bu açıqlamaları növbəti dəfə Ermənistanın sülh sazişi üzrə danışıqlarda nə dərəcədə manipulyasiyalara yol verdiyinin və prosesə qeyri-ciddi yanaşmasının bariz nümunəsidir.

Məlum olduğu kimi, sülh sazişi üzrə danışıqların tərəflər arasında razılaşdırılmış formatına və bu danışıqlarda müəyyən qaydalara əməl etməyə dair razılıqlara baxmayaraq, Ermənistan tərəfi dekabr ayında danışıqların növbəti raundunu boykot edib və danışıqları pozub. Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlara hələ də qayıtmayıb.

Digər tərəfdən, Ermənistan tərəfi sülh sazişi layihəsinə təklif etdikləri bəzi elementləri kontekstdən çıxarmaqla şərh edir və ictimaiyyət arasında yanlış rəy formalaşdırır. Bu yanaşma prosesə heç bir müsbət töhfə vermir, əksinə sülh sazişi üzrə danışıqlara maneçilik törətmək məqsədi daşıyır.
Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin “hüquq və təhlükəsizliyi üçün beynəlxalq mexanizm” ilə bağlı Ermənistan xarici işlər nazirinin iddialarına gəldikdə isə qeyd etmək istərdik ki, bu məsələdə Azərbaycanın mövqeyi Ermənistana məlumdur. Bu barədə müddəanın Azərbaycan-Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinə daxil edilməsi səyləri beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkmədiyini nümayiş etdirir və bu kimi cəhdlərin heç bir nəticəsi olmayacaq.
Azərbaycan tərəfindən dəfələrlə qeyd edildiyi kimi, bölgədə yaşayan erməni əsilli sakinlərin reinteqrasiyası Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericilik aktlarına uyğun olaraq təmin ediləcək. Azərbaycan tərəfi bu istiqamətdə erməni sakinlərlə dialoq aparılmasında qərarlıdır və bu məsələdə kənar müdaxilələrin qarşısı alınacaq. Azərbaycan tərəfi erməni sakinlərin reinteqrasiyası istiqamətdə növbəti görüşün Bakıda keçirilməsi barədə təklif irəli sürüb və Ermənistan bu istiqamətdə Azərbaycanın fəaliyyətinə mane olmamalıdır.

Bir daha Ermənistan tərəfini sülh sazişi üzrə danışıqlar masasına qayıtmağa və bu istiqamətdə ciddi iş aparmağa çağırırıq. Azərbaycan sülh sazişi üzrə danışıqlarda dərhal iştirak etməyə hazırdır", - XİN rəsmisi qeyd edib.