Mama-ginekoloq: Bir uşağı küvəzə qoymaq üçün 500 manat alınır
    • 5-02-2019, 13:34
    • 1 178

Mama-ginekoloq: Bir uşağı küvəzə qoymaq üçün 500 manat alınır

Körpənin sağlamlığı özəl və ya dövlət doğum evində doğulmasından asılı deyil.

Bunu açıqlamasında Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc Məmmədova deyib.

Onun sözlərinə görə, körpənin sağlamlığı özəl və ya dövlət doğum evində doğulmasından yox, digər vacib amillərdən asılıdır:
“Ananın hamiləlikdən öncəki durumundan, hamiləliyi necə keçirməsindən, fəsadlaşmaların profilaktikasının aparılmasından, anada ekstragenital xəstəliyin olub-olmamasından, müalicəsindən, doğuşun düzgün idarə olunmasından və s. asılıdır. Bəzi uşaqlar doğulanda sağlamlıqlarında problem olur. 

Özəl klinikalar da göstərdiyi qulluqları pulla göstərir. Bir uşağı küvəzə qoymaq üçün bir gün üçün 350-500 manat arası pul alınır. Uşaq doğulanda heç kim zəmanət vermir ki, o uşaq nə zaman sağalacaq. Ona görə valideynlər özəl klinikaya üz tutan zaman sanki uşağın ala biləcəyi müalicəni sual işarəsi altında qoyur. Pul çatmayanda onu kim müalicə edəcək?”

Sevinc Məmmədova qeyd edib ki, valideynlər özəl klinikanın günlük ödənişini ödəmədikdə dövlət xəstəxanasına üz tutur:
“Səhhətində problem olan uşaq bir həftə küvəzdə qalır, müəyyən xərclər çıxır, artıq ailənin maddi imkanı çatmayan zaman uşaq küvəzdən ayrılır.

Bundan sonra onun taleyinə klinika cavabdeh olmur. Valideynlər uşağı götürüb, dövlət xəstəxanasına gətirir”.

//OxuAz