“Türk Messi” üçün “Real Madrid” və “Barselona” transfer yarışına girdi
    • 31-03-2023, 10:33
    • 984

“Türk Messi” üçün “Real Madrid” və “Barselona” transfer yarışına girdi

Türkiyənin “Fənərbağça” klubunun gənc futbolçusu Arda Gülər Avropanın titullu komandalarının marağını çəkməkdə davam edir. Potensiallı yarımüdafiəçi bu dəfə İspaniya nəhəngi “Real Madrid”in radarına düşüb.

News24.az xəbər verir ki, bu barədə “Therealchamps.com” nəşri məlumat yayıb. 

Məlumatda qeyd olunub ki, “türk Messi” ləqəbli futbolçunun müqaviləsindəki “1500 dəqiqə oynamasa, mövsümün sonunda 5 milyon avroya buraxılacaq” maddəsi iştahaaçandır.

Maddi sıxıntılar içərisində olan “Barselona”nın “Fənərbağça”ya 5 milyon avro verdikdən sonra Ardanı razı salacağı gözlənilirdi. Ancaq xəbərə görə, Real Madrid bütün balansları dəyişib. Rəsmi təklif olarsa, Ardanın “Barselona” yerinə “Real”a üstünlük verəcəyi qeyd olunub. Gənc oyunçunun ən böyük arzusunun “Real Madrid” forması geyinmək olduğu yazılıb. 

“Kral klubu”nun 18 yaşlı futbolçunun oyunlarını analiz etdiyi vurğulanıb.

Qeyd edək ki, Arda Gülər indiyədək 21 rəsmi matçda 630 dəqiqə meydanda olub. Bu qarşılaşmalarda 3 dəfə rəqib qapısına yol tapıb, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı bazar dəyəri 11 milyon avrodur. 18 yaşlı istedadın “Fənərbağça” ilə müqaviləsi 30 iyun 2025-ci ildə başa çatacaq.