Bakıda idmançı sevgilisinə söz deyən şəxsi küçədə sürüdü
    • 4-04-2023, 13:22
    • 696

Bakıda idmançı sevgilisinə söz deyən şəxsi küçədə sürüdü

Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 126.2.1, 126.2.3, 126.2.4 və 221.3-cü (qəsdən və xuliqanlıq niyyətilə sağlamlığa ağır zərər vurma) maddələri ilə təqsirləndirilən idmançı, 25 yaşlı Elməddin Şıxıyevin məhkəməsi başa çatıb.

News24.az əldə etdiyi məlumata görə, şirkətlərdən birində mühafizəçi işləyən və idmanın K1, güləş kimi növləri ilə məşğul olan Elməddinin Sabunçu rayonu Savalan yaşayış massivində sevgili kimi görüşdüyü 3 uşaq anası olan qadının qonşusunu amansızlıqla döyərək ağır xəsarətlər yetirməsi məlum olub.

Belə ki, qadının evində keçirilən məclislər zamanı səs-küy yaranması və söyüşlərin işlədilməsindən narahat olan Emil Məmmədov qonşusuna irad bildirib. Qadın da bu barədə sevgilisinə deyib. Birinci dəfə Elməddin Emillə məhəllədən kənarda söhbət edərək narazılığı aradan qaldırıb. Lakin bir müüddət sonra eyni hal yenidən təkrarlanıb və qadın sevgilisinə qonşusunun ona yenidən irad bildirdiyini deyib. Bundan sonra Elməddin Emilgilin evinə gələrək onu həyətdən çıxarıb və vəhşicəsinə döyüb. O, sevgilisinin qonşusunu məhəllədəki “Humay” marketə qədər sürüyərək ağır xəsarətlər yetirib. Nəticədə Emil Məmmədovun alın sümüyü, dişləri sınıb, həmçinin digər xəsarətlər alaraq yolun kənarında qalıb. Qan içində qalan şəxsi qonşular üstünə su tökərək xəstəxanaya aparıblar.

Emilin şikayətindən sonra Elməddin Şıxıyev həbs edilib və barəsində cinayət işi açılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Şıxıyev 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Taleh BAĞIROV