“Azərbaycan mətbəxində dolmalar. 381 çeşid” kitabı təqdim olundu - FOTOLAR
    • 7-02-2019, 13:02
    • 3 809

“Azərbaycan mətbəxində dolmalar. 381 çeşid” kitabı təqdim olundu - FOTOLAR

“Azərbaycan mətbəxində dolmalar. 381 çeşid” adlı kitabın təqdimatı olunub.

News24.az xəbər verir ki, təqdimat mərasimi ötən gün Bakı Kitab Mərkəzində keçirilib.

2018-ci ildə “Şərq-Qərb” nəşriyyatında işıq üzü görmüş kitab Azərbaycan Respublikasının Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya ithaf edilib.

Tədbirdə çıxış edən kitabın müəllifi, Milli Kulinariya Mərkəzinin baş direktoru, əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov diqqətə çatdırıb ki, nəşrdə 2016-ci və 2017-ci illərdə ölkəmizdə keçirilən Beynəlxalq dolma festivallarında təqdim olunan 381 dolma növünün reseptləri öz əksini tapıb.

O, həmçinin, tədbirin keçirilməsində göstərdiyi köməyə görə Heydər Əliyev Fonduna və Bakı Kitab Mərkəzinə dərin təşəkkürünü bildirib. Daha sonra çıxış edən Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Milli Məclisinin deputatları Qənirə Paşayeva, Ülviyyə Ağayeva və başqaları kitabın əhəmiyyətindən, məziyyətlərindən və milli mətbəximizin doğru təbliğatında mühüm rol oynayacağından danışıblar.

Tədbirin sonunda Tahir Əmiraslanov qonaqlar üçün kitabı imzalayıb.

Qeyd edək ki, hazırda kitabın xarici dillərə tərcüməsi və Rusiyada nəşri üzərində iş aparılır.