Dünya Bankı qrupu Azərbaycanda xalçaçılığın inkişafına vəsait ayıra bilər
    • 7-04-2023, 11:41
    • 384

Dünya Bankı qrupu Azərbaycanda xalçaçılığın inkişafına vəsait ayıra bilər

Azərbaycan xalçaçılığın inkişafı üçün Dünya Bankı qrupuna daxil olan maliyyə institutları ilə mümkün əməkdaşlıq istiqamətlərini müzakirə edib.

News24.az bu barədə "Azərxalça" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Emin Məmmədov Azərbaycan xalçalarının və xalça toxuculuğu ənənələrinin ABŞ-da tanıdılması üçün təşkil olunmuş sərgi ilə əlaqədar Vaşinqtona səfəri çərçivəsində Dünya Bankının bir sıra rəsmi şəxsləri və mütəxəssisləri ilə görüşüb. Görüşdə Dünya Bankının İdarə Heyətinin üzvü, icraçı direktor Dominik Favre, Bankın Gender departamenti və Avropa və Mərkəzi Asiya regionlarında münaqişələr üzrə qrupunun rəhbər şəxsləri və mütəxəssisləri iştirak edib. “Azərxalça”nın rəhbərliyi ölkədə xalça sənətinin müasir inkişaf mərhələsi barədə məlumat verib, rəhbərllik etdiyi qurumun regionlarda ən çox qadın işçilərin çalışdığı müəssisə olduğunu diqqətə çatdıraraq, xanımların sosial rifah halının prioritet təşkil etdiyini bildirib.

Hazırda Azərbaycan xalçaçılıq sənətinin sənaye sahəsi olaraq yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirən E.Məmmədov bütün digər incəsənət növlərində olduğu kimi, xalçaçılıq sənətinin də rəqabətə davamlılığının artırılması üçün müasir dünyanın həm zövq, həm də texnika tələblərinə cavab verməli olduğunu bildirib, bunun üçün “Azərxalça”nın həm yerli, həm də dünyanın tanınmış dizayn mütəxəssisləri ilə çalışdığını qeyd edib, bu dəyişikliklərin Azərbaycan xalçalarının ənənəvi bazarlardan başqa, ABŞ kimi yeni bazarlarda da geniş yayılmasına imkan verəcəyinə inamını ifadə edib.

Görüşdə Dünya Bankında Azərbaycanın nümayəndəsi Namiq Nağdəliyev, ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov və Azərbaycanın ABŞ-dakı səfirliyinin iqtisadi məsələlər üzrə əməkdaşı Mahmud Mahmudov iştirak edib.