Azərbaycan gimnastları Fransadan medallarla qayıdıb
    • 11-04-2023, 01:23
    • 234

Azərbaycan gimnastları Fransadan medallarla qayıdıb

Fransanın Tyer şəhərində keçirilən 34-cü Beynəlxalq Qran-pri yarışında uğurla çıxış edən bədii gimnastika üzrə Azərbaycan yığmasının üzvləri vətənə medallarla qayıdıblar.

News24.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda gimnastlarımızı Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri, həmkarları, idman ictimaiyyətinin nümayəndələri, həmçinin idmançıların qohumları və dostları qarşılayıblar.

Xatırladaq ki, Azərbaycan gimnastı Zöhrə Ağamirova fərdi proqramda çıxış edərək gürzlərlə hərəkətlərdə qızıl, halqa, topla hərəkətlərin icrasında və çoxnövçülük proqramında gümüş medal qazanıb.

Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Qummətova, Yelizaveta Luzan və Daria Sorokinadan ibarət qrup hərəkətlərində Azərbaycan komandası üç lent və iki topla hərəkətlərdə gümüş, beş halqa ilə kompozisiyaya görə isə bürünc medala layiq görülüb.

Ümumilikdə, Fransada keçirilən 34-cü Beynəlxalq Qran-pri yarışında Azərbaycan gimnastları bir qızıl, dörd gümüş və bir bürünc medal qazanıblar.

Vətənə qayıdandan sonra qadın gimnastlarımız təəssüratlarını media ilə bölüşdülər, yarışlarda iştirakdan danışdılar.

Zöhrə Ağamirovanın sözlərinə görə, Fransada qazanılan medallar onun bu mövsüm beynəlxalq yarışda ilk mükafatları olub.

"Şadam ki, ölkəyə dörd medal, o cümlədən qızıl mükafat gətirə bildim. Mənimlə işləyən məşqçilərə təşəkkürümü bildirirəm", - deyə Z.Ağamirova bildirib. O əlavə edib ki, 21-23 aprel tarixlərində Bakıda keçiriləcək Dünya Kubokunda yaxşı nəticə göstərməyə ümid edir.

Qrup hərəkətlərində komandanın üzvü Zeynəb Hümmətova komandanı qabaqda da mühüm beynəlxalq yarışlar gözlədiyini vurğulayıb. "Fransada keçirilən 34-cü Beynəlxalq Qran-pri yarışı yeni mövsümdəki ilk yarışımız oldu. Vətənimizə gümüş və bürünc medallarla qayıtdığımız üçün şadıq. Amma bu, bizim maksimum nəticəmiz deyil, kompozisiyalar üzərində iş davam edir. Qarşıda bizi Bakıda keçiriləcək Dünya Kuboku və Avropa çempionatı (17-21 may) gözləyir, qarşıdakı yarışlarda daha da yaxşı nəticələr göstərməyə çalışacağıq", - deyə Z.Hümmətova bildirib.

Qrup hərəkətləri üzrə komandanın üzvü Güllü Ağalarzadə də bildirib ki, gimnastlar Bakıda keçiriləcək Dünya Kuboku və Avropa çempionatında proqramı daha da yaxşı və gözəl nümayiş etdirməyə çalışacaqlar:

"Fransadakı yarış mövsümün birincisi olduğundan bir az həyəcanlı idik. Amma mövsümün ilk turniri olduğunu nəzərə alsaq, nəticə qənaətbəxşdir".