Bakıda hava limanında VİP xidmətinin xanım işçisi FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ
    • 13-04-2023, 12:26
    • 299

Bakıda hava limanında VİP xidmətinin xanım işçisi FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ

Martın 31-də Xəzər rayon Məhkəməsində 2021-ci il sentyabrın 14-ü saat 19 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Nuranə Nağıyevanın ölümü ilə nəticələnən ağır qəza törətmiş sürücü, Bakı şəhər sakini 1975-ci il təvəllüdlü C.Məmmədovun məhkəməsi keçirilib.

News24.az-ın əldə etdiyi məlumata görə, idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən paytaxt sakinini vurub öldürən sürücüyə hökm oxunub.

Məhkəmə prosesində məlum olub ki, mərhum Nuranə Nağıyeva “H.Əliyev adına” Bakı Beynəlxalq Hava limanında VİP Aviasiya xidməti şirkətində agent vəzifəsində çalışıb. O, həmin gün gecə növbəsi üçün işə gedirmiş və yolu keçərkən süatda 100 kilometr sürətlə hərəkət edən “Mitubishi Pajero”nun zərbəsinə tuş gəlib. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Məhkəmədə mərhum N.Nağıyevanın həyat yoldaşı arvadını maşınla vurub öldürən sürücüdən şikayətçi olduğunu deyib:

“Nuranə ilə 2014-cü ildə rəsmi nikahla ailə həyatı qurmuşdum və iki oğlumuz dünyayaoğulub. Hadisə günü saat 20:00-da həyat yoldaşım Bakı Beynəlxalq Hava limanına gecə növbəsinə işə getməli idi. Mən özüm də həmin vaxt yaşadığım evdə olmamışam. Həmin gün saat 18:52 radələrində "Whatsapp" vasitəsilə yoldaşıma harada olması barədə mesaj yazdım və Nuranə cavab yazaraq Buzovna şosesinin yaxınlığında “göbələyə” çatmasını, yəni tunelə çatmasını yazdı. Təxminən yarım saat sonra ona zəng etdikdə zəng çatmadı. Həmin gün təxminən saat 22 radələrində Xəzər RPİ-dən zəng gəldi və Nuranənin avtomobil vurması nəticəsində öldüyü bildirildi”.

Mərhumun yoldaşı bildirib ki, “Mitsubishi Pajero” qadını vurandan sonra yolun digər hərəkət zolağına atıb və “Nissan Maxima” markalı avtomobil onun üzərindən keçib. 

Xəzər rayon Məhkəməsi sürücü C.Məmmədovu Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma- ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilib.

Ona 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Taleh BAĞIROV