İngiltərə və Uelsdə minlərlə məhbus azadlığa buraxılacaq
    • Bu gün, 19:07
    • 57

İngiltərə və Uelsdə minlərlə məhbus azadlığa buraxılacaq

Böyük Britaniyanın yeni Leyboristlər hökuməti sentyabr ayından başlayaraq həbsxanaların həddindən artıq sıxlığı səbəbindən məhbusların vaxtından əvvəl azadlığa buraxılmasını planlaşdırır.

News24.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Birləşmiş Krallığın ədliyyə naziri Şabana Mahmud deyib.

“Həbsxanalarımız iflas ərəfəsindədir. Bunu başqa cür ifadə etmək olmur. Ən pisi odur ki, əvvəlki hökumət bunun baş verəcəyini bilirdi. Hazırda kişilərin saxlanıldığı həbsxanaların 99 faizdən çoxu doludur. Bu göstərici 18 aydır ki, eyni səviyyədə qalıb”, - deyə Şabana Mahmud bildirib. Nazir, həmçinin mühafizəkarları həbsxanalarda xaos və böhran yaratmaqda günahlandırıb.

Böyük Britaniya hökumətinin son məlumatına görə, ölkədəki həbsxanalarda təxminən 90 min məhbus cəza çəkir. Hazırda altı yeni həbsxana tikilir və tələbat artdıqca əlavə 20 min nəfərin cəza çəkməsi üçün penitensiar müəssisənin inşası planlaşdırılır. Bu da, daha 20 min polis əməkdaşının işə götürülməsi deməkdir.

Qeyd edək ki, Böyük Britaniyada Qərbi Avropanın digər ölkələrindən daha çox məhbus var. Daha uzunmüddətli həbs cəzaları, məhkəmə iclaslarının gecikdirilməsi və ağır cinayətkarların cəzalarının ən azı 65 faizini dəmir barmaqlıqlar arxasında keçirməsi penitensiar müəssisələrin həddən artıq yüklənməsinə səbəb olur. Ekspertlər cinayətlərin qarşısının alınması tədbirlərinin gücləndirilməsini, habelə real həbs cəzalarına alternativ olaraq şərti cəza və məcburi əməyin tətbiqinin genişləndirilməsini təklif edirlər.