Bakıda "Lexus”la gənc qızın ardınca düşən 55 yaşlı kişi məhkəməyə çıxarıldı
    • 17-04-2023, 13:44
    • 280

Bakıda "Lexus”la gənc qızın ardınca düşən 55 yaşlı kişi məhkəməyə çıxarıldı

3 gün əvvəl sosial şəbəkələrdə idarə etdiyi lüks “Lexus” markalı 10—010 dövlət qeydiyyat nişanlı lüks avtomobillə gənc xanımın arxasınca düşən sürücünün kimliyi müəyyən edilib.

News24.az-ın əldə etdiyi məlumata görə, 21-ci Polis Bölməsi tərəfindən tanımadığı qadını izləyən, Bakı Slavyan Universitetinin qarşısında maşınını saxlayıb qadına müxtəlif təkliflər edən şəxsin 1968-ci il təvəllüdlü B.Babayev olması müəyyən edilib. Polis tərəfindən saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.

Bildirilib ki, gənc qadın yaşlı kişinin ona etdiyi təkliflərdən sonra evli olduğunu deyib. Həmçinin qadın telefonla həmin şəxsin görüntülərini çəkərək sosial şəbəkələrdə yayıb. Buna baxmayaraq, həmin şəxs boşandığını deyərək, qadından boşanmaq fikrinin olub-olmadığını soruşub.

Protokola əlavə edilmiş CD-R diskdə olan videogörüntülərdə B.Babayevlə A.İmanlı arasındakı danışıq əks olunub. Həmin şəxs “Lexus” markalı avtomobildə hərəkət edərkən piyadaya “Salam-aleykum bir dəqiqə dayan” söyləyir, sonuncu ona “Bəli buyurun” deyərək cavab verir, o, “hara gedirsən?” sualı verərək daha sonra “Mən sənə görə dayandım” və özünü göstərərək “İstəməzsən, belə bir dostun olsun, tanışın olsun?” sualını verir.

Bundan sonra A.İmanlı “Ailəliyəm” söyləyir, həmin şəxs “Mən də evli olub ayrılmışam, sənin ayrılmaq fikrin yoxdu?” sualını verir.

55 yaşlı kişi aprelin 15-də polis tərəfindən Nəsimi rayon Məhkəməsinə aparılıb və onun barəsindəki protokola baxılıb. Məhkəmədə A.İmanlının B.Babayevin üzr istəməsindən sonra şikayətini geri götürdüyü qeyd edilib.

Bu səbəbdən Nəsimi Rayon Məhkəməsi inzibati xəta haqqında iş üzrə icraata xitam verərək onu sərbəst buraxıb.

Taleh BAĞIROV