Əfv sərəncamı bu şəxslərə şamil ediləcək - Əliməmməd Nuriyevdən AÇIQLAMA
    • 17-04-2023, 14:37
    • 177

Əfv sərəncamı bu şəxslərə şamil ediləcək - Əliməmməd Nuriyevdən AÇIQLAMA

May ayında Heydər Əlyevin anadan olmasının 100 illiyi ilə bağlı əfv olacağı gözlənilir. Artıq Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası da prosesə başlayıb. Komissiya tərəfindən bir neçə iclas keçirilib və müraciətlərə baxılıb. Ümumilikdə əfv üçün müraciət edən məhbusların kimliyi, müraciət edənlər arasında siyasi məhbus adlandırılan şəxslərin olması cəmiyyəti maraqlandıran əsas məsələlərdəndir.

Məsələ ilə bağlı News24.az-a açıqlama verən Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, əfv üçün Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş şəxslər müraciət ediblər:

“İndiyə qədər Əfv Məsələləri Komissiyasının 13 iclası olub, qarşıdakı həftədə də növbəti iclası gözlənilir. Bütövlükdə komissiya aprel ayının sonuna qədər işini başa çatdıracaq. Bugünədək 1500-dən çox müraciətə baxılıb. İclaslar başa çatdıqdan sonra bütün rəylər Prezidentə təqdim olunacaq və qəti qərarı ölkə başçısı verəcək. Qeyd edim ki, müxtəlif cəzalara məhkum olunmuş şəxslər əfv üçün müraciət edib. Onlar arasında azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalardan tutmuş uzun müddət və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarına məhkum olunmuş şəxslər var. Bütövlükdə bütün cəza növlərinə görə məhkum olunmuş ayrı-ayrı məhkumların vəkilləri, yaxınları, qohumları tərəfindən müraciətlər olunub. Kimlərin müraciət etdiyini söyləyə bilmirik, çünki bunlar bizə aid olan məsələlər deyil. Ümumillikdə, bu Cənab Prezidentin səlahiyyətində olan bir məsələdir. İstisna olunmur ki, ölkəmizdə may ayında böyük əfv olacaq”.

Aynurə