Özünü polis kimi təqdim edib taksi sürücülərini aldatdı - FOTO/VİDEO
    • 25-04-2023, 16:08
    • 717

Özünü polis kimi təqdim edib taksi sürücülərini aldatdı - FOTO/VİDEO

Sərnişindaşıma şirkətlərində taksi fəaliyyəti ilə məşğul olan sürücülərin etibarından sui-istifadə edərək onları dələduzluq yolu ilə aldadan və müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirən paytaxt sakini Zeynalabdin Məlikzadə saxlanılıb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, əməliyyat Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib.

Arşadırmalar zamanı müəyyən edilib ki, Zeynalabdin Məlikzadə onlayn yolla taksi şirkətlərinə əsasən iri marketlərin yaxınlığından sifarişlər verib. Taksi həmin yerə çatdıqda isə o, sürücülərlə əlaqə saxlayıb və özünü polis əməkdaşı kimi təqdim edib. Onlara işdən çıxa bilmədiyini və marketdən ərzaq məhsulları almağı, həmçinin elektron pul kisəsinə internet balansının artırılması adı altında pul köçürülməsini xahiş edib. Zeynalabdin Məlikzadə taksi sürücülərinə guya onun işlədiyi Polis Bölməsinə çatdıqları zaman ödənişi qaytaracağını bildirib. Zərərçəkənlər Zeynalabdin Məlikzadənin qeyd etdiyi Polis Bölməsinə yaxınlaşdıqda isə aldanıldıqlarını anlayıblar. Saxlanılan şəxs taksi sürücülərinin onunla əlaqə saxlamaması üçün onların telefon nömrələrini bloklayıb. Zərərçəkənlərin onun elektron pul kisəsinə ödədiyi maddi vəsaitləri isə müxtəlif proqramlar vasitəsi ilə nağdlaşdıraraq ələ keçirib. Zeynalabdin Məlikzadənin bu yolla 30-a yaxın taksi sürücüsünə qarşı dələduzluq etdiyi müəyyən edilib.

Aşkar edilən faktlarla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.