Azərbaycan turizmdə niyə uduzur? - Deputat səbəbi açıqladı
    • 28-04-2023, 12:45
    • 247

Azərbaycan turizmdə niyə uduzur? - Deputat səbəbi açıqladı

“Regionlarımız turizmdə hələ də Bakı ilə rəqabət apara bilmirlər”.

News24.az
xəbər verir ki,  bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat Dövlət Statistika Komitəsinə istinadən bildirib ki, xaricilərin Azərbaycan hotellərində gecələmələrinin sayı 79.7 faiz artaraq 309 minə çatıb: “Bunun isə 80 faizi Bakının payına düşür. Yəni Azərbaycanda gecələyən hər 100 xaricinin cəmi 20-si rayonlara üstünlük verib. Bu isə ondan xəbər verir ki, hələ də regionlarla müqayisədə Bakı xaricilər üçün daha cəlbedici olaraq qalmaqdadır”.

Vüqar Bayramovun qənaətincə, turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur: “Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhfə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana və eləcə də regionlara daha çox turistin gəlməsinə imkan yarada bilər.

Monitorinqlər göstərir ki, nəinki Bakıda, hətta bölgələrdə də turizm xidmətlərinin qiymətləri yüksək olaraq qalmaqdadır. Bu da həm daxili, həm də gəlmə turizmin inkişafına təsirsiz ötüşmür. 2023-ci ilin ilk rübündə ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq hədəflənməlidir”.

İqtisadçı təklif edir ki, regionlarda çoxulduzlu hotellərlə bərabər, bir və ikiulduzlu otellər tikilməlidir: “Bu, olduqca vacibdir. Belə hotellərin qiyməti daha aşağı olur və daha çox turistlər cəlb edir. Təəssüf ki, bu gün ölkəmizdə sahibkarlar daha çox 4-5 ulduzlu, bahalı hotellərin tikintisinə maraq göstərirlər. Az ulduzlu hotellərin inşaatının sürətləndirilməsi üçün bu istiqamətə daha çox aşağı faizli kreditlərin ayrılması və güzəştlərin tətbiqini aktuallaşdırır. Bu sahibkarların stimullaşdırılması baxımdan vacibdir”.

Qeyd edək ki, Azərbaycana gələn xaricilərin 8,9 faizi Qusarda, 3,5 faizi Naftalanda, 3,2 faizi Qəbələdə, 1,8 faizi Qubada, 0,4 faizi Naxçıvanda, 0,3 faizi Şabranda, 1,8 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalara üstünlük veriblər./teleqraf/