"ABŞ dəstək verməsə, Bakı və İrəvanın sülhə nail olması çox çətin olacaq" - Metyu Brayza
    • 1-05-2023, 13:08
    • 377

"ABŞ dəstək verməsə, Bakı və İrəvanın sülhə nail olması çox çətin olacaq" - Metyu Brayza

“ABŞ Dövlət katibi Entoni Blinken bu gün Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanı qəbul edəcək. Tərəflər Vaşinqtonda üçtərəfli görüş keçirəcəklər. Hesab edirəm ki, bu görüş çox önəmlidir və müsbət nəticələri olacaq”.

Bunu News24.az-a açıqlamasında beynəlxalq ekspert, Ceymstaun Fondu İdarə heyətinin üzvü və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

Sabiq diplomatın sözlərinə görə, görüşün keçirilməsi Dövlət katibi Blinkenin və Prezident Baydenin Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının əldə olunması üçün necə səylə çalışdıqlarını göstərir.

“Həm Bayden, həm də Blinken sülhə nail olmaq üçün bacardıqları qədər çalışırlar. Mən Minsk Qrupunun həmsədri olduğum dövrdə də hər zaman eyni fikirləri səsləndirmişəm: ABŞ-ın ali rəhbərliyi tərəfləri ruhlandırmasa və siyasi dəstək göstərməsə, Azərbaycan və Ermənistan rəhbərliyinin belə bir sülh müqaviləsinə nail olması çox çətin olacaq. Bu baxımdan, A.Blinkenin hər iki ölkənin xarici işlər nazirlərini qəbul etməsi çox müsbət haldır”, - M.Brayza vurğulayıb.

Ekspert qeyd edib ki, sülh müqaviləsinin tezliklə imzalanmasının ABŞ-ın dəstəyi ilə mümkün olması ehtimalı yüksək olsa da, hər şey Bakı və İrəvanın yekun qərarından asılı olacaq: “Heç kim əvvəlcədən deyə bilməz ki, ABŞ hər iki tərəfi sülhlə bağlı razılığa gəlməyə inandıra biləcək. Çünki yekunda razılaşıb-razılaşmamaq Azərbaycan və Ermənistan rəhbərliyinin daxili məsələdir. Biz bilirik ki, Nikol Paşinyan Azərbaycanla hər hansı razılaşmaya əks reaksiya göstərir, həmçinin başqa ciddi təsirlər də var. Ermənistanın siyasi sistemindəki müxalifəti nəzərdə tuturam... Bu baxımdan hesab edirəm ki, istənilən nəticəyə görə ABŞ məsuliyyət daşımır, amma şübhəsiz ki, Vaşinqtonun sülhə nail olmaq üçün hər iki ölkəyə kömək etməyə çalışdığı bəllidir”.

Metyu Brayza sülh müqaviləsinin imzalanması prosesində ABŞ-ın vasitəçiliyinə Rusiyanın necə reaksiya göstərəcəyinə də münasibət bildirib.

“Əgər Azərbaycan və Ermənistan sülh müqaviləsinin imzalanmasına qərar verərsə, Rusiyanın reaksiyası həqiqətən də aktual deyil. Minsk Qrupunun keçmiş həmsədri kimi mənim təcrübəmə görə, rusiyalı həmkarlarım Yuri Merzlyakov, eləcə də xarici işlər naziri Sergey Lavrov yaradıcı və konstruktiv olublar, əminəm ki, bu məsələdə də elə olacaqlar. Onlar həqiqətən sülh sazişi ilə bağlı çərçivə sənədi əldə etmək üçün tərəfləri bir araya gətirməyə çalışıblar. Amma mən də düşünmürdüm ki, Vladimir Putin nə vaxtsa yekun sülh müqaviləsinin olmasını istəyər. Hesab edirəm ki, o, müharibənin olmaması üçün çərçivə sənədi istəyirdi, həm də münaqişənin mövcudluğunun qalmasında da maraqlı idi. Lakin bu gün Putinin münaqişənin həll edildiyi ilə bağlı yanaşmasının fərqli olması üçün heç bir səbəb görmürəm”.

Turan