Qənirə Paşayeva Bakı Anadolu Türk Liseyində gənclərlə görüşüb
    • 15-02-2019, 11:45
    • 869

Qənirə Paşayeva Bakı Anadolu Türk Liseyində gənclərlə görüşüb

Millət vəkili Qənirə Paşayeva Bakı Anadolu Türk Liseyinin dəvətilə gənclərlə görüşüb. Bu tədbiri təşkil edənlərə belə bir görüş üçün təşəkkürünü bildirən millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz deyərək ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə də geniş fikirlərini söyləyib.

Erməni diasporu, lobbisi və dəstəkçilərinin Azərbaycan əleyhinə təbliğat apardığını deyən millət vəkili bütün gəncləri duyarlı olmağa, yalanlara qarşı mübarizəyə səsləyib, gəncləri sosial media üzərindən yalan məlumatlarla Azərbaycan əleyhinə təbliğat aparanlara qarşı ciddi mübarizəyə səsləyib. Millət vəkili Q.Paşayeva gəncləri həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə də çağırıb. O, gənclərimizi sosial şəbəkələrdə keçirdikləri zamanı əylənməyə deyil, oxumağa, öyrənməyə, Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə və ölkəmizə qarşı yalan, böhtan kompaniyalarına qarşı mübarizəyə sərf etməyə çağırıb:

“Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır”. Millət vəkili Q.Paşayeva gəncləri daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb. “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir”- deyən millət vəkili Qənirə Paşayeva bildirib ki, bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar. Qənirə Paşayeva onlara özəlliklə tariximizlə bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyib. Millət vəkili bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir insan öz ölkəsinin və millətinin tarixini də dərindən bilməlidir. Gəncləri tariximizi dərindən öyrənməyə çağıran millət vəkili Qənirə Paşayeva onlara Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi soyqırımlar, vandalizm aktları, beynəlxalq təşkilatların ikili standartları ilə bağlı geniş məlumatlar verib və bildirib ki, hər bir Azərbaycan gənci bunları əzbər bilməlidir. Millət vəkili onları təhsillərinə böyük önəm verməyə, zamanlarını mənasız işlərə və ya verilişlərə ayırmamağa çağırıb: “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir!” Millət vəkili Q.Paşayeva gəncləri Türk tarixini dərindən öyrənməyə, Türk dünyası məsələləri ilə bağlı fəal olmağa çağırıb. Gəncləri xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran millət vəkili Qənirə Paşayeva gəncləri maraqlandıran sualları da cavablandırıb. Kitabı ən qiymətli hədiyyə adlandıran millət vəkili Qənirə Paşayeva tədbirin sonunda gənclərə müəllifi olduğu kitabları imzalayaraq hədiyyə edib.